...

İcma rəhbəri: Yəhudilər Azərbaycanda həmişə azad yaşayıblar və yaşayırlar

Siyasət Materials 11 Mart 2013 09:00 (UTC +04:00)
Azərbaycanın ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində yəhudilər Azərbaycanda həmişə azad yaşayıb və yaşayırlar. Bu barədə Trend-ə Avropa yəhudilərinin Bakıdakı dini icmasının sədri Gennadi Zelmanoviç bildirib
İcma rəhbəri: Yəhudilər Azərbaycanda həmişə azad yaşayıblar və yaşayırlar

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində yəhudilər Azərbaycanda həmişə azad yaşayıb və yaşayırlar. Bu barədə Trend-ə Avropa yəhudilərinin Bakıdakı dini icmasının sədri Gennadi Zelmanoviç bildirib.

O qeyd edib ki, yəhudilərin başqa dini icmalarla, həmçinin Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə yaxşı münasibətləri var. Yəhudi icmasının başçılarını həmişə həm ölkədə, həm də xaricdə keçirilən bütün beynəlxalq konfranslara və tədbirlərə dəvət edirlər.

Zelmanoviçin fikrincə, Azərbaycanın sərvəti burada müxtəlif millətlərin və dinlərin nümayəndələrinin sülh və dostluq şəraitində yaşamasıdır.

"Bizim fərqli milliyətimiz, dinimiz və adət-ənənəmiz var, lakin biz Azərbaycanda həmişə azad yaşamışıq", - icma rəhbəri deyib və bir sıra KİV-in bununla bağlı qeyri-dəqiq informasiya yaydığını qeyd edib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda "Or-Avner" Xeyriyyə Fondu və Heydər Əliyev Fondunun birgə layihəsi çərçivəsində yaradılan yəhudi məktəbi fəaliyyət göstərir. Açılışında Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirak etdiyi məktəbdə hazırda 250 uşaq təhsil alır. Məktəbdə, həmçinin hazırlıq bölməsi fəaliyyət göstərir.

"Azərbaycanda sinaqoq fəaliyyət göstərir ki, onun tikintisinə Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə, Bakı və Azərbaycanın yepiskopu Aleksandr, Azərbaycanda katolik kilsəsi, həmçinin milliyyətcə azərbaycanlı olan müxtəlif sponsorlar yardım ediblər.

Onun sözlərinə görə, ölkədə mövcud olan tolerantlığı ölkə hakimiyyətinin hamı ilə yaxşı münasibətlərin saxlanmasında maraqlı olması ilə əlaqələndirmək olmaz. Tolerantlıq ölkənin daxili siyasətində əsas xətdir.

Azərbaycanda yaşayan yəhudilərə yaxşı münasibət əsrlərlə formalaşıb.

"Prezident bizə ildə iki dəfə - Roş-ha-Şana bayramı və yəhudi xalqının kədərli günü - Holokost ilə əlaqədar müraciət edir. Digər ölkələrin heç birində belə ənənə yoxdur", - Zelmonoviç qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan vətəndaşlarını düzgün olmayaraq millətlərə bölürlər: "Bizim fərqli milliyətimiz və dinimiz var, lakin biz həmişə Azərbaycanda azad olmuşuq".

İcma rəhbərinin sözlərinə görə, yəhudi uşaqlar və gənclər azərbaycanlılar kimi eyni hüquqlara malikdirlər. Yəhudi və azərbaycanlı gənclər eyni məktəblərdə, universitetlərdə oxuyur, birlikdə işləyir və hərbi xidmətdə olurlar.

"Millət məsələsi sizin ölkənizdə yalnız bayramlarda özünü göstərir: Azərbaycan bayramlarında onlar bizə paxlava, yəhudi bayramlarında isə biz onlara matsa və s. təqdim edirik. Digər məsələlərdə isə bizdə heç bir fərq yoxdur", - Zelmanoviç bildirib.

Onun sözlərinə görə, ölkənin yalnız bir böyük problemi var: Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması.

"Və bu məsələni biz prezidentimizlə birgə həll edəcəyik", - icma rəhbəri əminliyini bildirib.

Bu gün Azərbaycanda yəhudi icmasının 30 minə yaxın üzvü var. Onlardan 5 mini Avropa yəhudiləri icmasının, 25 mini isə Dağ yəhudiləri icmasının üzvüdür.

Zelmanoviçin sözlərinə görə, bir çox yəhudilər yüksək dövlət vəzifələrində çalışırlar.

Dinlərarası münasibətlərə toxunan icma rəhbəri bildirib ki, Azərbaycanda bütün dinlər və icmalarla qardaşlıq əlaqələri var.

"Biz həmişə birlikdəyik. Əgər varsa, öz problemlərimizi birlikdə müzakirə edirik. Mənim dövlət orqanlarında heç bir problemim olmayıb. Hər hansı problemimiz olubsa, bizə həmişə kömək ediblər", - Zelmanoviç bildirib.

O qeyd edib ki, Azərbaycan tolerantlıq nümunəsidir: "Bütün beynəlxalq tədbirlərdə ölkəni tolerantlıq nümunəsi kimi göstərirlər".

Xəbər lenti

Xəbər lenti