...

"BP Azerbaijan"ın sabiq prezidenti: Heydər Əliyev Azərbaycan xalqının gələcəyini görməyi bacaran güclü və xarizmatik lider idi

Siyasət Materials 2 May 2013 08:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 may /Trend/

Heydər Əliyev ən kiçik detalları qavrama qabiliyyətinə, həmçinin qeyri-adi yaddaşa malik güclü və xarizmatik lider idi. O, Azərbaycan xalqının gələcəyini görmək kimi unikal bacarığa malik idi. Bu barədə Trend-ə müsahibəsində "BP Azerbaijan" şirkətinin sabiq prezidenti Devid Vudvord bildirib.

Vudvord Heydər Əliyevin Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının yaradılmasında rolundan danışıb.

"Heydər Əliyev SSRİ-nin dağılmasından sonra neft-qaz resurslarının və ölkənin potensialının Azərbaycanın müstəqilliyinin və uğurlu iqtisadi inkişafının təminatında həlledici amil kimi müəyyənləşdirilməsində mühüm rol oynadı", - Vudvord deyib.

Onun sözlərinə görə, Heydər Əliyev bunu qonşu ölkələrlə yaxşı münasibətləri saxlayaraq, beynəlxalq şirkətlərin energetika sektoruna çıxışına şərait yaratmaqla etdi.

Azərbaycanda "Azəri-Çıraq-Günəşli" (AÇG) dəniz yataqları blokunun işlənməsini nəzərdə tutan, "Əsrin müqaviləsi" adlanan PSA tipli (hasilatın pay bölgüsü) müqavilə keçmiş SSRİ ölkələrində BP kimi beynəlxalq neft şirkətləri tərəfindən investisiyaların əminliklə qoyuluşuna əsas yaradan ilk razılaşmalardan biri oldu.

Vudvord vurğulayıb ki, bu sərmayələr böyük risklər dövrü kimi baxılan bir vaxtda neft-qaz resurslarının inkişafı üçün zəruri idi.

"Heydər Əliyev sonrakı inkişaf layihələrinə də böyük diqqət ayırır və həmin layihələri öz şəxsi dəstəyi, həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və hökumətin dəstəyi ilə təmin edirdi. Bu dəstək olmadan AÇG, Bakı-Tbilisi-Ceyhan (BTC) və "Şahdəniz" layihələri uğurla həyata keçirilə bilməzdi", - Vudvord bildirib.

Onun fikrincə, AÇG-nin və "Şahdəniz" qaz yatağının işlənməsindən əldə olunan əsas gəlirlər infrastruktur, təhsil, səhiyyə və digər sahələrə dövlət xərcləri formasında Azərbaycan iqtisadiyyatına böyük töhfə verdi.

"Hərçənd, 2006-cı ildə Azərbaycanı tərk etdiyimdən bütün bu hadisələrin birbaşa şahidi olmamışam, ancaq ölkənin əldə etdiyi heyranedici tərəqqi haqqında hesabatları görür və eşidirdim", - Vudvord bildirib.

"Azərbaycan Respublikası Dövlət Neft Fondu uzunmüddətli perspektivdə ölkənin rifahını təmin etməyə kömək edəcək xeyli kapital yığıb və əminəm ki, bu müddət ərzində iqtisadiyyatın özəl sektoru da əhəmiyyətli dərəcədə artacaq", - o deyib.

Göstərilən bu layihələrin təsiri Azərbaycandan kənarda da hiss olunub: BTC-nin fəaliyyətindən və onun tranzit tariflərindən Gürcüstan və Türkiyə də faydalanıb. Onun sözlərinə görə, eyni sözləri "Şahdəniz" yatağından Cənubi Qafqaz boru kəməri ilə qaz tədarükü haqqında da demək olar.

"Şübhəsiz ki, enerji layihələri bu ölkələr arasında artıq sıx olan siyasi və iqtisadi münasibətlərə öz töhfəsini verəcək", - Vudvord hesab edir. Lakin, onun sözlərinə görə, bu layihələrin təsiri daha genişmiqyaslı olub, belə ki, bu layihələr Avropa və dünya bazarlarını Xəzərdən yeni neft və qaz mənbələri ilə təmin edib və beləliklə, Azərbaycan beynəlxalq arenada əhəmiyyətli oyunçuya çevrilib.

O, həmçinin qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev hələ ARDNŞ-nin birinci vitse-prezidenti olduğu dövrdə Azərbaycanın formalaşmasında müəyyən rol oynadı və AÇG və BTC layihələrinin irəliləyişi üzrə bir sıra məsələlərin həllinə şəxsən kömək etdi.

"İlham Əliyev Prezident olan kimi bu layihələrə aktiv dəstəyi davam etdirdi. Azərbaycanı altı ildən çoxdur tərk etsəm də, bilirəm ki, neft və qaz yataqlarının işlənməsi davam etdirilib. Prezident İlham Əliyev Azərbaycanın gələcəkdə "Şahdəniz" yatağından Avropaya qaz tədarükünü həyata keçirməsi məqsədilə ölkənin resurslarından istifadə siyasətini yalnız iqtisadi mənfəət üçün deyil, həmçinin gələcəkdə Azərbaycanın dünyadakı mövqeyinin və beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi üçün də dəstəkləyir", - Vudvord vurğulayıb.

Xəbər lenti

Xəbər lenti