Azərbaycan, Bakı, 6 may /Trend, müxbir A.Bədəlova/
Müasir Azərbaycanın qurucusu olan ümummilli lider Heydər Əliyev inanılmaz zəkaya sahib insan və müdrik lider idi. Bunu Trend-ə müsahibəsində "Əsrin müqaviləsi" tarixi sənədinin imzalanması mərasiminin iştirakçılarından biri olan Nabil əl-Xovayter deyib. O, "Delta-Nimir" (DNKL) şirkəti adından tarixi sənədə imza atıb.
1994-cü il sentyabrın 20-də Bakıda 8 ölkəni təmsil edən 12 böyük neft şirkəti arasında Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun birgə işlənməsi barədə irimiqyaslı beynəlxalq müqavilə imzalandı. Müqavilə əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adını aldı. "Əsrin müqaviləsi" neft sahəsində ən böyük sazişlərdən biri kimi tarixə düşüb.
"Mən o vaxtları yaxşı xatırlayıram, həmin dövr böyük qeyri-müəyyənlik dövrü idi. Azərbaycan hökuməti ilə hər hansı müqavilənin həyata keçiriləcəyinə əminlik yox idi", - hazırda "Saudi Aramco" şirkətinin biznesin inkişafı üzrə baş məsləhətçisi olan əl-Xovayter qeyd edib.
"Saudi Aramco" dünyada neft hasilatı və neft ehtiyatlarının həcminə görə iri neft şirkətidir.
Onun sözlərinə görə, belə vəziyyət böyük risklərə səbəb ola bilərdi.
"Lakin başqalarından xeyli fərqlənən bu insan - Heydər Əliyev hakimiyyətə gələn zaman ilk gördüyü iş iki qonşu ölkə - İran və Rusiya ilə əməkdaşlıq əlaqələri qurmaq oldu", - o bildirib.
Əl-Xovayter hesab edir ki, əgər Heydər Əliyev olmasaydı, Azərbaycan ola bilsin ki, parçalanmışdı.
"Əgər bu baş versəydi, ölkə indiki kimi zəngin olmazdı", - o qeyd edib.
Əl-Xovayter Heydər Əliyevin siyasi və iqtisadi kursunun davamçısı kimi Azərbaycan Prezidenti İlham Əliyevin böyük rolunu vurğulayıb.
Onun sözlərinə görə, İlham Əliyev beynəlxalq siyasət və beynəlxalq münasibətlərdə liderə çevrilib.
Əl-Xovayter hesab edir ki, hazırda hamı Azərbaycan ilə əməkdaşlığa can atır.
"Azərbaycan əvvəlkindən daha zəngin olub. Ölkə iqtisadi cəhətdən cəlbedici və dünya siyasətində çox vacib ölkəyə çevrilib. Düşünürəm ki, ölkədə böyük həcmdə iş görülüb", - o bildirib.