Azərbaycan, Bakı, 14 may /Trend, müxbir İ.İzzət/
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Qəbələnin Nic qəsəbəsinə gedib. Cotari Alban kilsəsinə baş çəkən səfir qəsəbədə yaşayan azsaylı xalqların nümayəndələri ilə görüşüb.
Trend Kanal S-ə istinadən xəbər verir ki, Nic qəsəbəsindəki Cotari Alban kilsəsinə baş çəkən ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Udin Alban Xristian icmasının, "Orain" mədəniyyət mərkəzinin nümayəndələri ilə görüşüb. Görüş zamanı səfirə Nic qəsəbəsi və orada yaşayan udinlər haqqında məlumat verilib.
Bildirilib ki, Azərbaycanda yaşayan 4 minə yaxın udinin məhz 3700-ü Nic qəsəbə sakinləridir. 6 minə yaxın əhalisi olan Nic qəsəbəsi bu baxımdan tolerantlığın bariz nümunəsidir. Hazırda qəsəbədə 3 kilsə, 2 məscid var. Fəaliyyət göstərən 5 məktəbdən isə 3-ü rusdilli, 2-si Azərbaycandillidir. Bu məktəblərdə hətta udin dili də tədris olunur və bunun üçün dərs vəsaiti də var.
Daha sonra ABŞ səfiri fikirlərini mətbuatla bölüşüb: "Bu çox gözəl bir səfərdir. Udin icmasının nümayəndələri ilə çox faydalı görüşümüz, müzakirələrimiz oldu. Udinlərin Azərbaycanda ilk məskunlaşma dövründən bəri dinc, əmin-amanlıq şəraitində yaşaması onu sübut edir ki, hər bir dini və etnik icmanın, azlığın nümayəndələri Azərbaycanın istənilən yerində yüksək tolerantlıq və hörmət şəraitində yaşaya bilərlər. Bu ərazi məndə çox dərin təəssürat yaratdı. Müxtəlif xalqların bir yerdə yaşaması çox gözəl faktdır. Müsəlmanlar, xristianlar, yəhudilərin bir yerdə dinc şəraitdə yaşaması Azərbaycan üçün başucalığı gətirən bir faktdır".
Qeyd edək ki, Nic udinlərin ilk yaşayış məskənlərindən biri olub. Bu xalqın tarixi Qafqaz Albaniyası dövrünə qədər gedib çıxır. Bu etnosun əcdadları olan utilər haqqında e.ə. V əsrdə Herodotun "Tarix" əsərində məlumat var. Utilər Alban çarlığının yaranmasında mühüm rolu olan 26 alban tayfalarından biridir. Hazırda xalqın adət-ənələrinin qorunub saxlanması istiqamətində dövlətin köməyi ilə bir sıra tədbirlər həyata keçirilir. Sovet hakimiyyəti dövründə müxtəlif səbəblərə görə bağlanan Cotari kilsəsi isə yalnız 2003-cü ildə əsaslı təmir və bərpa olunaraq udinlərin istifadəsinə verilib. 17-ci əsrin əvvəllərində tikilən kilsə əvvəlcə taxtadan olub.
Morninqstar mədəniyyətlərin qorunub saxlanmasını yüksək qiymətləndirib. Səfir tarixi məlumatlara görə təşəkkürünü bildirib və kənd icra nümayəndəliyinə ABŞ tarixi haqqında kitab hədiyyə edib. Səfir udin xalqının adət-ənənələri ilə maraqlanıb. Onların digər millətlərlə, xalqlarla olan münasibətləri haqqında soruşub. Daha sonra kilsə ilə yaxından tanış olan Riçard Morninqstar udin dilində yazılmış "Bibliya" haqqında məlumatlardan bəhs edən kitabla tanış olub. Məlumat verilib ki, həmin "Bibliya" 5-ci əsrə aiddir və Misirdə Sinay dağında tapılıb. Bu isə onu göstərir ki, udinlər hələ 5-ci əsrdən öncə də yazıya sahib olublar.
Səfir və xanımı Cotari kilsəsində şam yandırıb, dua ediblər. Sonda Udin Alban Xristian icması adından udinlər haqqında olan kitab və təqvim səfirə xatirə olaraq hədiyyə edilib.