...

Həştərxanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş təntənəli mərasim olub (FOTO)

Siyasət Materials 21 May 2013 08:54 (UTC +04:00)
Mayın 20-də Həştərxan Dövlət Filarmoniyasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş təntənəli mərasim olmuşdur. Məlumatı AzərTAc Dövlət İnformasiya agentliyi yayıb.
Həştərxanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş təntənəli mərasim olub (FOTO)

Azərbaycan, Bakı, 21 may /Trend/

Mayın 20-də Həştərxan Dövlət Filarmoniyasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş təntənəli mərasim olmuşdur. Məlumatı AzərTAc Dövlət İnformasiya agentliyi yayıb.

Mərasimdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov başda olmaqla Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə keçirilən təntənəli tədbirlərdə iştirak etmək üçün Həştərxana gəlmiş Azərbaycan nümayəndə heyəti, Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin, Həştərxan şəhər administrasiyasının və Həştərxan hökumətinin rəhbərləri, şəhər ictimaiyyətinin və Azərbaycan diasporunun nümayəndələri iştirak etmişlər.

Tədbir başlamazdan əvvəl mərasim iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevin Həştərxanda Heydər Əliyevin abidəsinin və Ümummilli Liderin adını daşıyan parkın açılışında iştirakını, habelə Rusiyanın bu şəhərində müxtəlif sosial və humanitar layihələrin həyata keçirilməsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakını əks etdirən fotostendlə tanış olmuşlar.

Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin mərasimdə çıxış edərək demişdir: "Böyük və kiçik millətlər yoxdur, öz millətini və deməli, öz ölkəsini ucaldan görkəmli şəxsiyyətlər var. Belə şəxsiyyətlər arasında görkəmli dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xüsusi yer tutur".

O, qeyd etmişdir ki, müasir Azərbaycanın uğurları, tərəqqisi, inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Qubernator vurğulamışdır: "Heydər Əliyev çətin dövrdə Azərbaycana rəhbərlik etmişdir. Lakin o, nəinki ölkədə vəziyyəti sabitləşdirməyə nail olmuş, həm də müstəqil Azərbaycanın sonrakı davamlı sosial-iqtisadi inkişaf şəraitini təmin etmişdir". A.Jilkin qeyd etmişdir ki, bu gün Azərbaycan postsovet məkanındakı bütün dövlətlərdən daha dinamik inkişaf edən ölkədir. Bu gün Azərbaycan Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə yaratdığı imkanlardan istifadə edir. O demişdir: "Şübhəsiz, bugünkü Azərbaycan ona ən yaxşı abidədir".
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Həştərxanda ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə tədbirlərin təşkil edilməsinə və keçirilməsinə görə qubernator Aleksandr Jilkinə və vilayətin rəhbərliyinə minnətdarlığını bildirmişdir.

Ə.Həsənov vurğulamışdır ki, Heydər Əliyev təkcə Azərbaycan xalqının deyil, bütövlükdə keçmiş Sovet İttifaqının xalqlarının həyatında böyük rol oynamışdır. Ə.Həsənov Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin nizamlanmasında Heydər Əliyevin rolu barədə söhbət açaraq demişdir ki, Heydər Əliyev ölkəyə rəhbərlik edərkən RF ilə dostluq əlaqələrinin canlanmasında mühüm rol oynamışdır. Onun səyləri sayəsində Azərbaycan-Rusiya münasibətləri mürəkkəb transformasiya mərhələsini uğurla dəf edərək, konstruktiv əməkdaşlığa əsaslanan yeni inkişaf pilləsinə çatmışdır.

Ə.Həsənov qeyd etmişdir ki, 2001-ci ildə Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri iki ölkənin qarşılıqlı münasibətlərində mühüm hadisə olmuşdur. "Bu səfər iki ölkənin münasibətlərində yeni mərhələ açmışdır. O dövrdə Heydər Əliyev V.Putinin səfərini tarixi hadisə kimi səciyyələndirmişdi", - deyən şöbə müdiri vurğulamışdır ki, Rusiya ilə qarşılıqlı münasibətlər dərin tarixi köklərə əsaslanır və Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Ə.Həsənov demişdir: "Azərbaycan dövləti Rusiya ilə mehriban qonşuluq və dostluq əlaqələrinin, keyfiyyətcə yeni dinamika kəsb etmiş və etimada əsaslanan münasibətlərin möhkəmlənməsi və inkişafı məsələsində qətiyyətli mövqe tutur. Bu gün Prezident Vladimir Putin və Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasi xətt sayəsində Azərbaycan-Rusiya münasibətləri hərtərəfli strateji qarşılıqlı fəaliyyət və tərəfdaşlıq səviyyəsinə çatmışdır. Bu gün ölkələrimiz ticari-iqtisadi, elmi-texniki və mədəni sahələrdə uğurla əməkdaşlıq edir".

Şöbə müdiri qeyd etmişdir ki, Azərbaycan Rusiyanın bir sıra regionları, o cümlədən Həştərxan vilayəti ilə sıx tərəfdaşlıq əlaqələri qurmuşdur. Bu vilayətlə Azərbaycan arasında imzalanmış onlarca saziş müxtəlif layihələrin həyata keçirilməsinə imkan yaradır. O, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilmiş layihələrə nümunə kimi Heydər Əliyevin adını daşıyan parkın və məktəbin, Rusiya-Azərbaycan Dostluq Körpüsünün açılmasını göstərmişdir. Ə.Həsənov demişdir: "Bugünkü tədbir Azərbaycan ilə Rusiya arasında sarsılmaz dostluğun parlaq təzahürü, qarşılıqlı anlaşmanın daha da möhkəmlənməsi və əməkdaşlığın genişlənməsi işinə sanballı töhfədir. Azərbaycan bundan sonra da Rusiya ilə əməkdaşlıq sahələrini genişləndirəcəkdir".

Sonra Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin "Gənclər təbiətə münasibətdə zorakılığın əleyhinədir" layihəsi çərçivəsində Həştərxanda keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılmışdır.

Tədbir Azərbaycanın və Həştərxan vilayətinin yaradıcı kollektivlərinin iştirak etdiyi konsert proqramı ilə davam etmişdir.

Tədbir başa çatandan sonra Həştərxanda möhtəşəm atəşfəşanlıq olmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti