Azərbaycan, Bakı, 23 may /Trend, müxbir İ.İsabalayeva/
YUNESKO-nun baş direktoru, NATO baş katibinin müavini, Ümumdünya Turizm Təşkilatının Yaxın və Orta Şərq üzrə regional direktoru Bakıda keçiriləcək II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcək.
Trend-in Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi ilə "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama" şüarı altında bu il 29 may-1 iyun tarixlərində Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Forumun əsas tərəfdaşları qismində YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESKO, BMT-nin Dünya Turizm Təşkilatı çıxış edir.
Forum çərçivəsində Azərbaycanın Şərqlə Qərbin, müxtəlif mədəniyyətlərin kəsişməsində yerləşməsi nəzərə alınaraq ilk dəfə Dünya Forumu Nazirlər Konfransı keçiriləcək.
Forumda beynəlxalq qurumların rəhbərləri, o cümlədən YUNESKO-nun baş direktoru İrina Bokova, NATO Baş Katibinin müavini Kolinda Qrabar-Kitaroviç, Ümumdünya Turizm Təşkilatının (ÜTT) Yaxın və Orta Şərq üzrə regional direktoru Əmr Əbdül Qafar, bir neçə ölkənin hazırkı və keçmiş prezidentləri, dünyanın 100-dən çox ölkəsindən nazirlər, ekspertlər, beyin mərkəzlərinin rəhbərləri, alimlər və mədəniyyətlərarası dialoqla məşğul olan mərkəzlərin yüksək səviyyəli nümayəndələri iştirak edəcəklər.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci ilin 27 may tarixində imzaladığı sərəncamı ilə Forum hər iki ildə bir dəfə Bakıda keçirilir. Tədbirin əlaqələndirici qurumu kimi Mədəniyyət və Turizm Nazirliyi təyin edilib.