Azərbaycan, Bakı, 27 may /Trend, müxbir T.Cəfərov/
İran həmişə Suriya hökumətini islahatlar aparmağa və xalqın istəklərinə tabe olmağa çağırır. Bunu İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsin Pakayin bazar ertəsi Trend-ə deyib.
Səfirin sözlərinə görə, İran münaqişə başlandığı gündən problemin siyasi yolla həllinin tərəfdarı olub: "İran problemin siyasi yolla həlli ilə yanaşı daima Suriya xalqının dolanışığını yaxşılaşdırmaq məqsədi ilə bu ölkəyə dərman, ərzaq məhsulları, yanacaq və un göndərib".
Səfir onu da qeyd edib ki, Suriyada qanunsuz hərbi birləşmələri dəstəkləyən dövlətlər bu ölkəyə silah-sursat göndərməyi dayandırmalı və Suriyanın yenidən qurulmasına yardımçı olmalıdırlar.
Pakayin onu da qeyd edib ki, Suriyadakı bəzi radikal qüvvələrin dəstəklənməsi regionun təhlükəsizliyi və stabilliyi üçün ciddi təhlükədir.
Səfirin sözlərinə görə, Tehranda keçiriləcək "Suriyanın dostları" toplantısı ölkədəki böhranın çıxış yollarını araşdırmaq və fikir mübadiləsi aparmaq məqsədi daşıyır və bundan əvvəl də Tehranda iki belə iclas keçirilib.
Pakayin onu da qeyd edib ki, Tehranda baş tutacaq "Suriyanın dostları" toplantısının böhranın həlli ilə nəticələnəcəyinə ümid edir.
Onun sözlərinə görə, beynəlxalq təşkilatların və bir çox ölkələrin bu toplantıya qatılması onu göstərir ki, dünya ictimaiyyəti Suriyadakı böhranın siyasi yolla həllində qərarlıdır.
Pakayin deyib ki, Suriyadakı böhranın diplomatik yollarla həllində İranın rolu həmişə əhəmiyyətli olub və rəsmi Tehranın bu böhrandan çıxış yolu üçün layihə təqdim etməsi onu göstərir ki, İran problemin həllində maraqlıdır.
Qeyd edək ki, "Suriyanın dostları" qrupunun iclası mayın 29-da Tehranda keçiriləcək. İran KİV-in məlumatına görə, 40 ölkədən nümayəndələr bu iclasda iştirak edəcəklərini açıqlayıblar.
Bundan başqa, iclasda beynəlxalq təşkilatlardan da nümayəndələrin iştirakı gözlənilir.