...

Yaxın aylarda Bakıda İsveç səfirliyi açılacaq

Siyasət Materials 3 İyun 2013 20:25 (UTC +04:00)
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov İsveç Xarici İşlər Nazirliyinin ticarət məsələləri üzrə baş katibi Qunnar Oomun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Yaxın aylarda Bakıda İsveç səfirliyi açılacaq

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov İsveç Xarici İşlər Nazirliyinin ticarət məsələləri üzrə baş katibi Qunnar Oomun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazir müavini Xələf Xələfov nümayəndə heyətini salamlayıb və ölkələrimiz arasında müxtəlif sahələrdə inkişaf edən münasibətlərdən məmnunluğunu bildirib. Siyasi sahədə iki ölkə arasında faydalı dialoqun olduğunu qeyd edən Xələf Xələfov İsveç şirkətlərinin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərdiyini nəzərə çatdırıb. Ölkəmizə xarici sərmayələrin yatırılması üçün bütün şəraitin yaradıldığını vurğulayaraq, Azərbaycan və İsveç arasında ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib. Xələf Xələfov Azərbaycanın İsveçlə istər ikitərəfli, istərsə də çoxtərəfli formatlarda əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini nəzərə çatdırıb.

Nazir müavini, həmçinin Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığı və xüsusilə də Şərq Tərəfdaşlığı çərçivəsində fəaliyyətinə toxunaraq, bu əməkdaşlığın ölkəmiz üçün prioritet istiqamətlərdən biri olduğunu qeyd edib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi rol oynadığını vurğulayıb və bu sahədə Azərbaycan və Aİ arasında strateji tərəfdaşlıq münasibətlərinin formalaşdığını nəzərə çatdırıb.

Cənubi Qafqazın lider ölkəsi olan və region iqtisadiyyatının 80%-ni təşkil edən Azərbaycanın Aİ üçün mühüm əhəmiyyət kəsb edən bir sıra enerji, nəqliyyat və kommunikasiya layihələrinin əsas təşəbbüskarı və icraçısı olduğunu və bundan sonra da bu istiqamətdə fəaliyyətin davam etdiriləcəyini qeyd edib.

Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən Xələf Xələfov münaqişənin davam etməsinin regionda davamlı sülh və sabitliyin bərqərar olmasına əsas maneə olduğunu bildirib və regional inteqrasiyaya zərbə vurduğunu diqqətə çatdırıb. Nazir müavini münaqişənin Azərbaycanın ərazi bütövlüyü əsasında, sülh yolu ilə həlli istiqamətində beynəlxalq ictimaiyyətin, xüsusilə də Aİ-nin işğalçı dövlətə qarşı təzyiqinin artırılmasının zəruriliyini vurğulayıb.

İsveç xarici işlər nazirliyinin ticarət məsələləri üzrə baş katibi Qunnar Oom ölkəmizə səfərdən məmnunluğunu bildirib və İsveçin Azərbacanla müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduğunu qeyd edib. İsveç şirkətləri arasında Azərbaycana marağın get-gedə artdığını qeyd edərək, artıq bir sıra şirkətlərin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərdiyini bildirib. İki ölkə arasında əməkdaşlıq sahələrinin genişləndirilməsi üçün işgüzar dairələr arasında təmasların artırılmasının əhəmiyyətini qeyd edən Qunnar Oom İsveçin yaxın aylarda Bakıda öz səfirliyini açmaq barəsində qərar verdiyini və bunun ölkəsinin Azərbaycana verdiyi əhəmiyyətin göstəricisi olduğunu bildirib.

Ölkəmizə səfəri zamanı Azərbaycan iqtisadiyyatının dinamik inkişafının şahid olduğunu bildirən qonaq telekommunikasiya, informasiya texnologiyaları sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğunu nəzərə çatdırıb.

Nazir müavini Xələf Xələfov İsveçin Azərbaycanda öz səfirliyini açmaqla bağlı qərarını alqışlayaraq, bu addımın ölkələrimiz arasında əməkdaşlığa əlavə təkan verəcəyinə əminliyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti