Azərbaycan, Bakı, 14 iyun /Trend/
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avropa Parlamentində bir qrup deputatın iştirakı ilə "Azərbaycan: İlqar Məmmədov məsələsi" mövzusunda müzakirələrin aparılması və sənədin qəbul edilməsinə dair bəyanat yayıb.
XİN-in mətbuat xidmətindən Trend-ə daxil olan bəyanatda deyilir ki, Avropa Parlamentində (AP) bir qrup deputatın iştirakı ilə "Azərbaycan: İlqar Məmmədov məsələsi" mövzusunda müzakirələr apararaq qətnamə adlandırılan sənədin qəbul edilməsi təəssüf doğurur:
"Avropa İttifaqı ilə ikitərəfli münasibətlərimizə xidmət etməyən bu addımla bağlı aşağıdakıları bildirməyi zəruri hesab edirik: Azərbaycan demokratiya, insan hüquq və azadlıqları kimi universal dəyərlərin bərqərar olmasına sadiqdir. Müstəqilliyin ilk illərindən bu istiqamətdə Avropanın ixtisaslaşmış qurumları ilə əməkdaşlıq edən Azərbaycan daim qanunvericiliyini təkmilləşdirmiş və müvafiq islahatlar aparmışdır. Proses davam etməkdədir".
Qeyd olunur ki, vətəndaşların etirazlarının yalnız qanunun müəyyən etdiyi çərçivədə ifadə edilməsi bütün Avropa ölkələrində qəbul edilmiş prinsipdir. Ölkədə iğtişaş yaratmaq, vətəndaş itaətsizliyinə çağırış cəhdləri kimi hallara qarşı adekvat tədbir görülməsi mütərəqqi cəmiyyətlərdə hüquq prinsipləri ilə ziddiyyət təşkil etmir:
"Təəssüflər olsun ki, Avropa Parlamentinin bir qrup deputatı tez-tez qərəzli mövqe ilə seçilənləri toplayaraq, Azərbaycanla bağlı müxtəlif məsələləri müzakirəyə çıxarır, reallığı əks etdirməyən fikirlər səsləndirir. Demokratik dəyərlərin başlıca prinsip hesab edildiyi Avropada 754 üzvdən 20-30 nəfərin mövqeyinin rəsmi sənəd kimi təqdim edilməsi demokratiya prinsiplərinə ziddir. Bu, ən azı Avropa Parlamentinin mütləq çoxluğunun hüquqlarının mənimsənilməsidir".
Bəyanatda vurğulanır ki, Avropa Parlamentinin adından Azərbaycana belə qərəzli münasibət göstərilməsi ilk dəfə deyil. Bənzər mövqelər əvvəllər də bildirilib. Bu deputatlar əksər hallarda müzakirə olunan məsələləri lazımi şəkildə dərindən araşdırmır, qarşı tərəfin rəyini öyrənmir, ayrı-ayrı qərəzli münasibətlərə üstünlük verirlər:
"Belə münasibət Aİ ilə hərtərəfli əməkdaşlığa kömək etmir. Azərbaycan-Aİ münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksələ biləcəyi bir zamanda belə addımların atılması bu kimi halların siyasiləşdirilərək müxtəlif maraqlara xidmət etdiyini göstərir. Halbuki Avropa Parlamenti elə Avropanın özündə baş verən hadisələrə və Cənubi Qafqaz regionunda gedən siyasi-hərbi proseslərə göz yumur. Sənədin tonu da ikitərəfli münasibətlərimizin ruhuna uyğun deyil və beynəlxalq hüququn suveren subyekti olan Azərbaycan üçün qəbuledilməzdir".
XİN bildirir ki, demokratiya, ədalət və insan hüquqlarını mühüm universal dəyərlər kimi qəbul edən Avropa Parlamenti nə Azərbaycanın 20 ildən artıq müddətdə işğal altında qalan əraziləri ilə bağlı, nə də bütün hüquqları pozulmuş 1 milyona yaxın qaçqın və məcburi köçkünlər barədə bir dəfə də olsun, beynəlxalq hüquqa uyğun, ədalətli mövqe bildirməyib, bəyanat verməyib:
"Amma artıq nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası müstəqil dövlətdir və müstəqil daxili və xarici siyasət həyata keçirir. Avropada bəzi dairələrin Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağa yönəlmiş addımlar atması müxtəlif suallar doğurur. Avropa Parlamentinin bəzi nümayəndələrinin bu cür yanaşması və belə addımlarla təzyiq göstərməsi qəbuledilməzdir".