Azərbaycan, Bakı, 23 iyul / Trend, müxbir S.Əhmədova /
Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Ketrin Eşton "Şərq Tərəfdaşlığı" xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündən sonra bəyanatla çıxış edib. Trend-in məlumatına görə, bu barədə Avropa İttifaqının saytında bildirilir.
Ali nümayəndə "Şərq Tərəfdaşlığı" xarici işlər nazirlərinin iyulun 22-də Brüsseldə keçirilən illik görüşünə sədrlik edib.
Bəyanatda deyilir ki, keçirilən müzakirələrdə nazirlərin diqqət mərkəzində bu ilin noyabrın 28-29-da Vilnusda keçiriləcək növbəti "Şərq Tərəfdaşlıq" Sammitinə hazırlıq məsələləri durur.
Brüsseldə keçirilən görüşdə, ali nümayəndə vurğulayıb ki, Aİ Sammitin uğurlu keçməsini arzulayır və bunun əsasən tərəfdaş ölkələrdən asılı olduğunu vurğulayır.
O qeyd edib ki, indiyədək əhəmiyyətli irəliləyiş əldə olunub.
Eşton qeyd edib ki, Sammitin Aİ və tərəfdaş ölkələr arasındakı münasibətlərdə yeni mərhələ açması istiqamətində səylər davam etməlidir.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da Brüsseldə keçirilən görüşdə iştirak edib.