Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir S.Əhmədova/
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə Avropa İttifaqına (Aİ) üzv ölkələrin və "Şərq tərəfdaşlığı" ölkələrinin xarici işlər nazirlərinin 4-cü görüşündə Azərbaycanı təmsil edib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin saytında bildirilir.
Məlumatda deyilir ki, E.Məmmədyarov çıxışında ölkəmizin "Şərq tərəfdaşlığı"nda fəaliyyəti və ümumiyyətcə Aİ ilə əməkdaşlıq dialoqu barədə bəhs edərək, 2006-cı ildə qəbul edilmiş Avropa Qonşuluq Siyasəti üzrə Fəaliyyət Proqramında əks olunmuş Azərbaycanın suverenliyi və ərazi bütövlüyü prinsiplərinə dəstəyin verilməsi ilə bağlı Aİ tərəfinin öz üzərinə götürdüyü öhdəliyə əməl etməsinin vacibliyini bildirib.
O, Aİ-Azərbaycan dialoqunun gələcək perspektivlərinin və Assosiasiya Sazişi üzrə aparılan danışıqlarda tərəqqinin əldə olunmasının əhəmiyyətli dərəcədə məhz bu növ qarşılıqlı hörmət və tərəfdaşlıq prinsipləri öhdəlikləri əsasında reallaşmasının mümkün olacağını vurğulayıb. Bu xüsusda, nazir, toplantı iştirakçılarına Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 21 iyun tarixində Brüsselə etdiyi səfəri zamanı onun Aİ Şurasının Prezidenti Herman van Rompey və Avropa Komissiyasının Prezidenti Joze Barrozo ilə keçirdiyi görüşlərdə əldə edilmiş bir sıra vacib nəticələri xatırladaraq, Azərbaycanın Aİ ilə tərəfdaşlıq dialoqunun bərabərhüquqlu və strateji tərəfdaşlıq əsasında inkişaf olunmasında maraqlı olduğunu bir daha bəyan edib.
Məlumatda deyilir ki, nazir, həmçinin Cənubi Qaz Dəhlizi ilə bağlı qəbul edilmiş qərarların Aİ-nin enerji təhlükəsizliyinin gücləndirilməsində və Aİ ilə siyasi-iqtisadi münasibətlərdə bundan sonra daha da geniş imkanlar yaradacağında müstəsna rol oynayacağını qeyd edib. O, həmçinin Aİ ilə Viza Rejiminin Asanlaşdırılması və Readmissiya Sazişləri üzrə danışıqlarının demək olar ki, tamamlandığını və Vilnüs Sammitinə qədər onların imzalanmasının əhəmiyyətini vurğulamışdır. Nazir habelə Aİ ilə təhsil sahəsində əməkdaşlığın təkmilləşdirilməsinin vacibliyini qeyd edib, bu sahədə Aİ-Azərbaycan əməkdaşlığı çərçivəsində ciddi addımların atılmasını təklif edib. O, həmçinin ŞT fəaliyyətində qender bərabərliyi və qadınların cəmiyyətlərdə rolunun artırılması fəaliyyət istiqamətinin inkişafı imkanlarının araşdırılmasını təklif edib.
Nazir "Şərq tərəfdaşlı"ğı Proqramının xarici işlər nazirlərinin 4-cü görüşü çərçivəsində Ukrayna və Yunanıstanlı həmkarları ilə təkbətək görüşlər keçirərək, ikitərəfli münasibətlərin genişləndirilməsi perspektivlərini müzakirə edib.
Qeyd edək ki, Avropa Komissiyasının vitse-prezidenti və Aİ-nin vahid təhlükəsizlik və xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Ketrin Eşton və genişlənmə və qonşuluq siyasəti üzrə komissar Ştefan Füle bu toplantıya sədrlik ediblər. Tədbirdə Avropa İttifaqı üzv ölkələrinin xarici işlər nazirləri, Avropa Xarici Fəaliyyət Xidməti, Avropa Sərmayə Bankı, eyni zamanda, Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynanın xarici işlər nazirləri və Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun nümayəndəsi iştirak ediblər.
İştirakçılar "Şərq tərəfdaşlığı"nın hazırkı vəziyyəti, onun Varşava Sammitindən bugünə qədər əldə edilmiş nailiyyətləri, Vilnüs Sammitinə hazırlıq və ondan sonrakı tərəfdaşlıq perspektivlərini müzakirə ediblər.