Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir İ.İzzət/
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Qarabağ bölgəsi üzrə regional konfrans keçirilib.
Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ağcabədi şəhərində Dövlət Komitəsinin təşkilatçılığı ilə Qarabağ bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, imam və axundlar, eləcə də fəal dindar və ilahiyyatçılar üçün "Dövlət-din münasibətləri və maarifləndirmə işi" mövzusunda regional konfrans işinə başlayıb.
Dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması məqsədilə keçirilən regional konfransın açılış mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin 1-ci Səyyad Salahlı, Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, bu rayondan seçilmiş millət vəkili Tahir Rzayev iştirak ediblər.
Açılış mərasimində çıxış edən Səyyad Salahlı konfransın Azərbaycanın müxtəlif bölgələrində keçirilmiş analoji silsilə tədbirlərdən beşincisi olduğunu diqqətə çatdırıb. Konfransın əhəmiyyətindən və ölkəmizdəki dövlət-din münasibətlərindən ətraflı danışan Salahlı bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı sürətlənib. Komitə sədrinin 1-ci müavini bu istiqamətdə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib və hazırda Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizin, dinimizin inkişafı istiqamətində həyata keçirdiyi işlərdən danışıb.
Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov çıxışında belə bir tədbirin təşkilinə görə Dövlət Komitəsinin rəhbərliyinə təşəkkürünü bildirib. O vurğulayıb ki, ölkəmizdə milli-mənəvi dəyərlərimizə verilən yüksək qiymət dövlətimizin bu sahəyə olan diqqət və qayğısının təzahürüdür.
Millət vəkili Tahir Rzayev qeyd edib ki, analoji tədbirlərin keçirilməsi zəruridir. O, Dövlət Komitəsi və İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin bu təşəbbüsünün dövlətimizin inkişafı istiqamətində dəyərli iş olduğunu önə çəkib.
Tədbirdə çıxış edən Qarabağ Seyid Ocaqları İctimai Birliyinin sədri Seyid Camal Əzimbəyli və digər din xadimləri ölkədə dini maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyini bildirib, son dövrlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə bu istiqamətdə həyata keçirilən tədbirləri yüksək qiymətləndiriblər.
Konfransda son bir ildə dini maarifçilik işinin genişləndirilməsi, dini icmaların sosial layihələrə cəlb olunması, dindarlar arasında vətənpərvərlik hissinin gücləndirilməsi və tolerantlıq ənənələrinin təbliği sahəsində həyata keçirilən kompleks tədbirlərin təqdirəlayiq olduğu bildirilib. Bu istiqamətdə "Qazi Qarabağ azanı" layihəsi, "Axund və imamlar üçün xütbə vəsaiti" və Milli Tolerantlıq Mərkəzinin yaradılması xüsusi qeyd olunub. Eyni zamanda, bildirilib ki, DQİDK-nın dini icmalar üçün təlim kurslarının təşkil edilməsi təşəbbüsü dindarlar tərəfindən dəstəklənir və bunun ciddi nəticələr verəcəyinə böyük inam var.
Din xadimləri qeyd ediblər ki, milli-mənəvi dəyərlərimizə, tarixi-dini abidələrimizə, dini icmaların və din xadimlərinin fəaliyyətinə göstərilən qayğının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu müsbət dinamika Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir.
İftar süfrəsi ətrafında davam edən tədbirin sonunda Seyid Camal Əzimbəyli Qarabağın seyid ocaqları adından ölkə ictimaiyyətinə ünvanlanmış müraciəti oxuyub. Müraciətdə qarşıdan gələn prezident seçkilərində Prezident İlham Əliyevin namizədliyi birmənalı olaraq dəstəklənib.
Sənəddə bildirilir: "Ölkədəki mövcud vəziyyəti düzgün qiymətləndirən, eləcə də dövlətin din sahəsində apardığı siyasəti və gördüyü böyük quruculuq işlərini təqdir edən Qarabağ Seyid Ocaqları artıq öz seçimlərini edərək namizədlərini müəyyənləşdirmişlər. Bu namizəd Azərbaycanın gələcək inkişafının təminatçısı İlham Heydər oğlu Əliyevdir. Əminik ki, təkcə seyid ocaqları deyil, ölkəmizin hər bir vətəndaşı üzərinə düşən vəzifənin məsuliyyətini nəzərə alaraq, ciddi səylə çalışacaq və cənab Prezidenti dəstəkləməklə Azərbaycanımızın tərəqqisinə öz töhfəsini verəcəkdir".
Müraciəti Qarabağın nüfuzlu seyid ocaqlarının nümayəndələri Seyid Yusif (Seyid Lazım ağa ocağı), Seyid Sabir (Seyid Əziz ağa ocağı), Seyid Bəhmən (Seyid Məşədi Muxtar ağa ocağı), Seyid Nadir (Seyid Səttar ağa ocağı), Seyid Əli (Seyid hacı Əhməd ocağı), Seyid Əyyub (Seyid Xəlil ağa ocağı), Seyid Mirabdulla (Mir Mehdi ağa ocağı) və başqaları imzalayıblar.