...

Prezident İlham Əliyev: Dünyada türk aləmi güclənir (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 16 Avqust 2013 10:49 (UTC +04:00)
Qırğızıstan Prezidenti Almazbek Atambayevə keçən il ərzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına uğurlu sədrlik etdiyi üçün öz minnətdarlığımı bildirmək istəyirəm.
Prezident İlham Əliyev: Dünyada türk aləmi güclənir (ƏLAVƏ OLUNUB) (FOTO)

Azərbaycan, Qəbələ, 16 avqust /Trend, müxbir A.Bədəlova/

Qırğızıstan Prezidenti Almazbek Atambayevə keçən il ərzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına uğurlu sədrlik etdiyi üçün öz minnətdarlığımı bildirmək istəyirəm. Hesab edirəm ki, keçən il ərzində bizim əməkdaşlığımız daha da dərinləşdi. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısında çıxışı zamanı bildirib.

Dövlət başçısı bildirib ki, Qırğızıstanın uğurlu rəhbərliyi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətinə güclü təkan vermişdir: "Əminəm ki, bundan sonrakı illərdə də bizim əməkdaşlığımız dərinləşəcək, genişlənəcək və yeni pilləyə qalxacaqdır. Mən bütün qonaqları səmimiyyətlə Azərbaycanın qədim şəhəri olan Qəbələdə salamlayıram. Xarıtladım ki, keçən dəfə Zirvə görüşü Azərbaycanın digər qədim şəhərində, Naxçıvanda keçirilmişdi. Bu Zirvə görüşlərinin müxtəlif şəhərlərdə keçirilməsi bir növ tanışlıq xarakteri daşıyır, eyni zamanda xalqlarımız, ölkələrimiz arasındakı birliyi daha da möhkəmləndirir".

İlham Əliyev bildirib ki, dünyada türk aləmi güclənir: "Türk aləmi böyük coğrafiyanı əhatə edir və əlbəttə ki, xalqlarımız bir-birini daha da yaxından tanımalı və əməkdaşlıq daha da sürətlə aparılmalıdır. Böyük qürur hissi ilə deyə bilərəm ki, keçən dəfə Zirvə görüşü Azərbaycanda - Naxçıvanda keçiriləndə, türkdilli dövlətlərin əməkdaşlığı üçün yeni format yaradılmışdır və bu formatın artıq Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində təşkili əməkdaşlığımızın yeni mərhələsidir".

Artıq üçüncü Zirvə görüşünün keçirildiyini deyən Prezident əminliklə bildirib ki, bundan sora da Zirvə görüşləri mütəmadi qaydada keçiriləcək. "Bizim xalqlarımızı ortaq tarix birləşdirir, mədəniyyət birləşdirir. Əsrlər boyu bizim xalqlarımız bir-biri ilə sıx əlaqədər olmuşdur, əməkdaşlıq etmişik, bir yerdə yaşamışıq, bir-birimizə dayaq, arxa olmuşuq. Bu gün isə müstəqil dövlətlər kimi biz bütün məsələlərdə bir yerdəyik, bir yerdə olmalıyıq və hesab edirəm ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının başlıca vəzifəsi xalqlar və ölkələr arasındakı birliyi daha da möhkəmləndirməkdir".

İlham Əliyev deyib ki, quruma üzv olan ölkələr ikitərəfli formatda çox uğurlu fəaliyyət göstərir, iqtisadi sahədə gözəl əməkdaşlıq aparılır: "Beynəlxalq aləmdə, beynəlxalq təşkilatlarda bizim ölkələrimiz daim bir-birilərinə dəstək olur, arxa olur və bu da təbiidir, çünki qardaş xalqlar bir-birinin yanında olmalıdır. BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlarda biz bir çox hallarda vahid mövqedə çıxış edirik və əlbəttə ki, bu, bizim gücümüzü daha da artırır. Bu gün biz bir neçə əsas istiqamət üzrə öz işimizi aparacağıq, bir neçə vacib məsələ müzakirə ediləcək. Əlbəttə ki, ölkələrimizin uğurlu inkişafı üçün əsas məsələ regional təhlükəsizlik məsələləridir və bizim ölkələrimiz regional təhlükəsizlik məsələlərinə öz töhfələrini verirlər. Bu, çox vacib məsələdir, çünki bizim xalqlarımız sülh, əminamanlıq, sabitlik şəraitində yaşayırlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti