Azərbaycan, Bakı, 18 sentyabr /Trend/
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Quba Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak etmişdir.
Dövlətimizin başçısına və xanımı Mehriban Əliyevaya məlumat verildi ki, müasir memarlıq üslubunda inşa olunan bina şəhərin gözəlliyini daha da artırır. Üçmərtəbəli bina bütün lazımi avadanlıq və sistemlərlə təchiz edilmişdir.
Diqqətə çatdırıldı ki, Quba Rayon İcra Hakimiyyətinin hazırda yerləşdiyi bina 1959-cu ildə inşa olunmuşdur. Bina təmir olunsa da iş şəraiti üçün əlverişli deyildi. Yeni bina Heydər Əliyev adına mədəniyyət və istirahət parkının ərazisində yerləşir. Binanın inşasına ötən ilin avqustunda başlanılmış, bu ilin sentyabrında başa çatdırılmışdır. Tikinti işləri ən yüksək səviyyədə aparılmışdır.
Foyedə ölkəmizin inkişafında böyük xidmətləri olmuş ulu öndər Heydər Əliyevin büstü qoyulmuş, Ümummilli Liderin ictimai-siyasi fəaliyyətini əks etdirən fotolardan ibarət stend quraşdırılmışdır. Burada Ulu Öndərin müxtəlif illərdə Quba rayonuna səfərlərini əks etdirən fotolar xüsusilə böyük maraq doğurur.
Binanın interyeri zövqlə tərtib olunmuşdur. Ümumilikdə binada 35 iş otağı vardır. Geniş otaqlarda hər cür şərait yaradılmışdır. Ən müasir tələblər səviyyəsində qurulan 250 yerlik akt zalı müasir səs sistemi ilə təchiz olunmuşdur. Burada rayonun ictimai-siyasi həyatı ilə əlaqədar müxtəlif tədbirlərin keçirilməsi mümkündür. Binada müasir avadanlığın quraşdırıldığı 50 nəfərlik yeməkxana da fəaliyyət göstərir. Binada vətəndaşların qəbulu üçün ayrıca otaq da yaradılmışdır. Burada vətəndaşların qəbulunu operativ və səmərəli həyata keçirmək üçün geniş imkanlar vardır.
Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva inzibati binanın operativ idarəetmə mərkəzi ilə tanış oldular. Mərkəzdə rayonun icra nümayəndəlikləri ilə birbaşa canlı bağlantı yaratmaq mümkündür.
Konfrans zalı ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, 25 yerlik zal müasir tələblərə cavab verir.
Memarlıq və tikinti şöbəsində yaradılan şəraitlə tanışlıq zamanı Prezident İlham Əliyevə Quba şəhərinin baş planı, rayonun elektron xəritəsi və görülən işlərlə bağlı geniş məlumat verildi.
Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.