Azərbaycan, Bakı, 27 sentyabr /Trend/
"Altılıq" ölkələrinin xarici işlər nazirləri cümə axşamı BMT-də İranın XİN rəhbəri Cavad Zəriflə nüvə proqramı üzrə keçirilən görüşdən razı qalıblar və danışıqlar oktyabrın 15-16-da Cenevrədə davam etdiriləcək. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton deyib.
O bildirib: "Biz bu məsələdə tərəqqiyə nail olmağın yollarını müzakirə etdik... Və Cenevrədə yeni görüşü gözləyirik. Biz danışıqlar masasına hər şeydən əvvəl etimad tədbirlərinin möhkəmləndirilməsi üzrə təkliflər qoymuşuq".
K.Eştonun sözlərinə görə, İranın bu təklifə cavab verib-verməyəcəyi və ya öz təklifini irəli sürəcəyi hələ məlum deyil.
Qeyd edək ki, Rusiya, ABŞ, Çin, Böyük Britaniya, Fransa və Almaniya ("altılıq" ölkələri) xarici işlər nazirlərinin C.Zəriflə görüşü BMT Baş Assambleyasında keçirilib.