...

Ermənistandan Gürcüstana daha bir xəyanət

Siyasət Materials 2 Oktyabr 2013 14:35 (UTC +04:00)
“Abxaziyanın 1992-1993-cü il vətən müharibəsində qələbəsinin 20 illiyi” münasibətilə qondarma rejimin prezidenti Bako Saakyan tanınmamış Abxaziyanın rəhbəri Aleksandr Ankabvaya təbrik məktubu göndərmişdir.
Ermənistandan Gürcüstana daha bir xəyanət

Murad Əliyev - Trend-in icmalçısı

"Abxaziyanın 1992-1993-cü il Vətən müharibəsində qələbəsinin 20 illiyi" münasibətilə qondarma rejimin prezidenti Bako Saakyan tanınmamış Abxaziyanın rəhbəri Aleksandr Ankabvaya təbrik məktubu göndərmişdir. Məktubda yazılır ki, azadlığı və müstəqilliyi, öz ölkəsinin şərəf və ləyaqətini müdafiə edən Abxaziyza xalqlarının cəsarəti qəhrəmanlıq və özünüfədanın bariz göstəricisidir.

Abxaziyanın ən yaxşı oğullarının bu qələbə naminə öz canlarını verdiklərini yazan Bako Saakyan bu gün Abxaziyanın gələcəyə ümidlə baxdığını və öz iqtisadiyyatını inkişaf etdirdiyini və təhlükəsizliyini təmin etdiyini bildirir.

Çox yaxşı məlumdur ki, heç bir səlahiyyəti olmayan Bako Saakyanın imzaladığı bütün məktublar və sənədlər Ermənistan Prezident Administrasiyanın rəhbəri S.Sarkisyanın şəxsi dərkənarı ilə hazırlanır və bundan sonra Bako Saakyanın yalnız möhür xarakteri daşıyan imzası sənədlərə qoyulur.

Buradan isə yalnız həmin sadə məntiq hasil olur ki, Gürcüstan dövlətçiliyinə və xalqına qarşı tamamilə təhqir tonunda yazılmış bu məktubun müəllifi elə əslində Ermənistandır. Məktubda Gürcüstanda separatizmin təşviqi və Gürcüstanın ərazi bütövlüyü və suverenliyinin pozulması meyilləri ən açıq şəkildə dəstəklənərək, sanki gələcəkdə bu kimi əməllərə bəraət qazandırılır. Yəqin ki, burada artıq müəyyən meyillərin özünü biruzə verdiyi Gürcüstandakı erməni separatizmi üçün zəminin hazırlanmasından söhbət gedə bilər.

Məktubda istifadə olunan "Abxaziya xalqları" ifadəsi ilk anlamda başa düşülməsə də, sonradan aydın olur ki, bununla Ermənistan Abxaziya müharibəsində Gürcüstana qarşı vuruşmuş və mülki əhaliyə qarşı öz xüsusi qəddarlığı ilə seçilən məlum "Baqration batolyonu"na işarə edir.

Hətta çox maraqlıdır ki, Abxaziyada kiçik bir zümrə olan erməni kəsimi "Abxaziya xalqları" kimi təqdim olunur. "Dənizdən dənizə" mifik Ermənistan xülyası ilə yaşayan rəsmi İrəvanın elə Abxaziyadakı tanınmamış rejimə qarşı da ərazi iddiası ilə çıxış edə biləcəyi yəqin ki, heç də uzaqda deyil.

Minlərlə Gürcüstan vətəndaşının həlak olduğu, on minlərlə insanın qaçqın və məcburi köşkün vəziyyətinə düşdüyü və saysız-hesabsız dağıntı və fəlakətin və insan faciəsinin səbəbi olan Abxaziya münaqişəsi Ermənistan tərəfindən bu məktubda "vətən müharibəsi" kimi təqdim olunur.

Məgər bu, münaqişə nəticəsində həlak olmuş Gürcüstan vətəndaşlarının ruhuna və onların ailələrinin həssas hisslərinə hörmətsizliyin ən yüksək həddi deyilmi? Bundan sonra, görəsən, Ermənistan rəhbərliyi hansı üzlə Gürcüstanın rəhbər şəxsləri ilə rəsmi görüşlərdə üz-üzə gələcək?

Görəsən, bundan sonra Sarkisyan rejimi özündə cəsarət taparaq qonşu dövlət kimi Gürcüstanla mehriban qonşuluq münasibətlərindən danışacaqdır?

Qeyd edək ki, teleqramda bildirilir ki, separatçı Dağlıq Qarabağ hökuməti, xalqı və "şəxsən öz adımdan sizi və bütün qardaş Abxaziya xalqını 1992-1993-cü illər Vətən müharibəsində 20 illik qələbə münasibətilə ürəkdən təbrik edirəm".

Separatçı Dağlıq Qarabağ rejiminin "prezidenti" bildirib ki, öz ölkəsinin azadlıq və müstəqilliyini, şərəf və ləyaqətini qoruyan Abxaziya xalqlarının igidliyi qəhrəmanlıq və fədakarlığın parlaq təzahürüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti