Azərbaycan, Bakı, 14 oktyabr /Trend /
Gürcüstanın dövlət başçısı Mixeil Saakaşvili İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib.
Təbrikdə deyilir:" Bu, tamamilə layiq olduğunuz tarixi qələbədir. Bu qələbə prezidentliyiniz dövründə Azərbaycanın əldə etdiyi tərəqqinin nəticəsidir. Azərbaycan xalqı buna dəyər verdi, tarix də dəyər verəcəkdir. Seçkilərdə qələbəniz Azərbaycan xalqı tərəfindən Sizə göstərilən böyük etimad və etibardır. Buna isə ölkənizin inkişafı və rifahı üçün göstərdiyiniz böyük əzm və yorulmaz fəaliyyətiniz səbəb olmuşdur. Bu qələbəniz nəinki Azərbaycanın müstəqilliyi, eləcə də postsovet məkanındakı ölkələr üçün də mühüm amildir. Azərbaycan xalqı üçün gördüyünüz böyük işlər gürcü xalqı ilə bərabər regionda azadlığı sevən hər bir xalqa ilham qaynağı olmuşdur. Əminəm ki, Gürcüstan və Azərbaycan Respublikası arasında mövcud olan xüsusi strateji tərəfdaşlıq xalqlarımızın rifahı naminə yenə də məhsuldar şəkildə davam edəcəkdir".
Məktubda Mixeil Saakaşvili Prezident İlham Əliyevi bir daha gürcü xalqı və şəxsən öz adından təbrik edib, bu Ali dövlət vəzifəsində uğurlar diləyir, qardaş Azərbaycan xalqına xoşbəxtlik və rifah arzulayıb".