...

Azərbaycan Prezidentinin ünvanına təbrik məktubları gəlməkdə davam edir

Siyasət Materials 30 Oktyabr 2013 18:48 (UTC +04:00)
Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının sədri Raul Kastro Rus Azərbaycanın dövlət başçısı İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edib.
Azərbaycan Prezidentinin ünvanına təbrik məktubları gəlməkdə davam edir

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının sədri Raul Kastro Rus Azərbaycanın dövlət başçısı İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edib.

Təbrik məktubunda deyilir: "Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm və ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafına hazır olduğumuzu bildirirəm.

Xahiş edirəm, Sizə ən yüksək ehtiramımı qəbul edin".

XXX

Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya şöbəsinin baş direktoru Klaus Gerhausserdən:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Asiya İnkişaf Bankı adından təbrik edirəm.

Asiya İnkişaf Bankı Azərbaycan ilə əlaqələrə böyük əhəmiyyət verir. Əminik ki, Azərbaycan hökuməti və xalqı ilə əməkdaşlığımız Sizin rəhbərliyinizlə davam edəcəkdir. Biz Azərbaycan iqtisadiyyatının inkişafı üçün əlaqələrimizin genişlənəcəyinə ümidvarıq".

XXX

Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti Maykl Oytadan:

"Avstraliya-Azərbaycan Assosiasiyası adından Sizi prezident seçkilərindəki parlaq qələbəniz münasibətilə təbrik edirik. Azərbaycanın iqtisadiyyatının, mədəniyyətinin və cəmiyyətinin inkişafına yönəlmiş davamlı səylərinizi və nailiyyətlərinizi yüksək qiymətləndiririk. Milli və beynəlxalq miqyasda xalqlarımızın tərəqqisinə verdiyiniz töhfələri alqışlayırıq.

Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərinizi dəstəkləyirik. Sizin bu sahədə uğur qazanacağınıza inanırıq".

XXX

"VTB Bank" ASC-nin prezidenti - idarə heyətinin sədri Andrey Kostindən:

"VTB Bank" Açıq Səhmdar Cəmiyyətinin idarə heyəti və kollektivi adından Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə təbriklərimi qəbul edin. Ali dövləti vəzifədə Azərbaycanın iqtisadi potensialının güclənməsinə və hər bir sakinin rifahının yüksəlməsinə yönəlmiş əzmkar və səmərəli fəaliyyətiniz Sizə xalqın səmimi ehtiramını və etimadını qazandırmışdır.

Sizə bundan sonra da məsul işinizdə uğurlar, nəzərdə tutduğunuz bütün planların və təşəbbüslərin həyata keçməsini, xoşbəxtlik və firavanlıq arzulayıram".

XXX

Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Turedən:

"Azərbaycan Respublikasının Prezidenti seçkilərində möhtəşəm qələbəniz münasibətilə Sizi təbrik edir, uğurlarınızın davamlı olmasını arzu edirəm.

Sizə sonsuz ehtiramımızın olduğunu bir daha bildiririk. 2013-cü ildə İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində informasiya-kommunikasiya sahəsinin inkişafı ilə bağlı verdiyiniz bütün vədlərin yerinə yetirilməsinin şahidi olduq. Sizi bu görkəmli nailiyyət münasibətilə təbrik edirəm.

Fürsətdən istifadə edərək Azərbaycan ilə Beynəlxalq Telekommunikasiya İttifaqı arasındakı güclü əlaqələri özümün və həmkarlarımın adından tam dəstəklədiyimi vurğulayıram".

XXX

ABŞ-ın Los Anceles Əyalət Polis İdarəsinin şerifi Leroy D. Bakadan:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ABŞ-ın Los Anceles Əyalət Polis İdarəsinin işçiləri adından təbrik etməkdən böyük məmnunluq duyuram.

Sizin sivil qurumların inkişafına verdiyiniz önəmi əks etdirən seçkilər Azərbaycanda demokratik cəmiyyət quruculuğunun gücləndirilməsi sahəsində yeni mərhələ olmuşdur. Seçkilərin nəticələri Sizin rəhbərliyinizin və gələcək üçün planlarınızın göstəricisidir.

Biz 2015-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulan Ümumdünya Polis Simpoziumuna hazırlıqla bağlı Azərbaycan tərəfi ilə fəal işləyirik. Belə tədbirlər tərəfdaşlığın daha da inkişaf etdirilməsinə imkan yaradır. Mühüm geosiyasi mövqeyi və beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində yaxşı təcrübəsi olan Azərbaycan bu simpoziumun keçirilməsi üçün çox münasib məkandır.

Sülh və anlaşmanın gücləndirilməsində ölkələrimizin bundan sonra da dost kimi çalışacağına inanıram. Sizə və ailənizə ən xoş arzularımı çatdırır, Azərbaycan xalqına əmin-amanlıq və rifah diləyirəm".

XXX

Omanın Sultanı Qabus bin Saiddən:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz və inauqurasiyanız münasibətilə Sizə səmimi salamlarımızı və təbriklərimizi çatdırırıq.

Əminəm ki, prezidentliyinizin növbəti dövründə də ikitərəfli əlaqələrimiz xalqlarımızın mənafeyi naminə uğurla inkişaf edəcəkdir.

Dost Azərbaycanın inkişafı və rifahı istiqamətindəki səylərinizdə Sizə uğurlar arzu edirik".

XXX

"Rosneft" Neft Şirkəti Açıq Səhmdar Cəmiyyətinin prezidenti - idarə heyətinin sədri İqor Seçindən:

"İcazə verin, Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı və qətiyyətli qələbəniz münasibətilə Sizi təbrik edim.

Azərbaycan vətəndaşlarının Sizə etimadı uzun illər bu ali vəzifədə topladığınız nüfuzu qanunauyğun şəkildə əks etdirmişdir. Əminəm ki, Sizin rəhbərliyiniz ilə Azərbaycan siyasi və iqtisadi inkişafını bundan sonra da davam etdirəcəkdir.

Fürsətdən istifadə edib bildirmək istəyirəm ki, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dostluq və tərəfdaşlıq münasibətləri çoxdan təşəkkül tapmışdır. Mən ölkələrimizin yanacaq-energetika sahəsində əməkdaşlığını yüksək qiymətləndirirəm. Həmin səmərəli əməkdaşlığın, o cümlədən "Rosneft" ilə Azərbaycandakı tərəfdaşlar arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə səmimi qəlbdən ümid bəsləyirəm.

Sizə ali dövləti vəzifənizdə uğurlar, cansağlığı və xoşbəxtlik, ölkənizin sakinlərinin rifahı naminə bütün işlərinizdə və təşəbbüslərinizdə müvəffəqiyyət arzulayıram".

XXX

"Aksoy Holding"in idarə heyətinin sədri Ərdal Aksoydan:

"Prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə Sizi və qardaş Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Bu qələbə bütün azərbaycanlıların Sizə olan dərin etimadının bariz nümunəsi və son on ildə apardığınız uğurlu və uzaqgörən siyasətin nəticəsidir. Növbəti beş ildə də Azərbaycanın sürətli inkişafını və daha da çiçəklənməsini görəcəyimizə əminəm.

Sizə şərəfli ali dövləti vəzifənizdə uğurlar arzulayıram".

XXX

Braziliya Deputatlar Palatasının müvəkkili, Braziliya-Azərbaycan dostluq qrupunun rəhbəri Klaudio Kajadodan:

"Azərbaycan Respublikasının Prezidenti seçkilərində parlaq qələbəniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Əminəm ki, Braziliya ilə Azərbaycan arasında münasibətlər davam edərək hər iki xalqın mənafelərinə uyğun daha da intensiv və şaxələndirilmiş tərəfdaşlığın qurulmasına yönələcəkdir. Braziliya-Azərbaycan Dostluq Qrupunun sədri kimi mən ümidvaram ki, ikitərəfli əlaqələrin genişlənməsinə və Sizin Hökumətinizin Braziliyada fəaliyyətinin təşviq edilməsinə töhfə verə biləcəyəm.

Əminəm ki, Azərbaycan xalqının müdrikliyi ilə Sizin yenidən Prezident seçilməyiniz ölkənin inkişafına yeni impuls verəcəkdir.

Mən Sizə və Azərbaycan xalqına xoşbəxtlik, uğurlar arzu edirəm".

XXX

"Russneft" Neft Şirkəti Açıq Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyevdən:

"Sizi Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Seçicilərin Sizə göstərdiyi yüksək etimad Sizin peşəkarlığınızın, Azərbaycanın qarşısında duran məsələlərin həllinə səriştəli və cəsarətli yanaşmağınızın sanballı və inandırıcı sübutu, respublikanın sosial və iqtisadi potensialının üzə çıxarılmasında yeni uğurların rəhnidir.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, bütün işlərinizdə və təşəbbüslərinizdə uğurlar arzulayıram.

XXX

Türkiyənin sabiq energetika və təbii sərvətlər naziri, Baş nazirin sabiq müavini M.Cumhur Ersümerdən:

"Azərbaycan xalqının rifahı, xoşbəxtliyi və dünyaya inteqrasiyası yolunda yüksək fəaliyyətinizin qəlblərdə kök salması, duyulan məmnunluğun səslərlə ifadə edilməsi nəticəsində yenidən Prezident seçilməyiniz münasibətilə səmimi təbriklərimin qəbul olunmasını ehtiramla xahiş edirəm".

XXX

ABŞ-ın Arizona ştatı Nümayəndələr Palatasının sədri Endi Tobindən:

"Xahiş edirəm, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbriklərimi qəbul edin.

Sizin rəhbərliyiniz altında Azərbaycanın terrorizmə qarşı beynəlxalq mübarizəyə dəstək göstərməklə bu sahədə fəal rol oynadığının şəxsən şahidiyəm. Amerika qoşunları ilə çiyin-çiyinə mübarizə aparan hərbi qüvvələrinizin fəaliyyətini yüksək qiymətləndiririk. ABŞ-ın tərəfdaşı olaraq Azərbaycan Əfqanıstanda xidmət edən hərbi qüvvələrimiz üçün əhəmiyyətli marşrut yaratmışdır.

Əminəm ki, ölkənizə çiçəklənən iqtisadiyyat, güclü beynəlxalq nüfuz və əhəmiyyətli dövlət təşkilatları bəxş edən islahatlar davam edəcəkdir. Arizona ştatının rəhbəri kimi mən sənayenin inkişafında və yeni iş yerlərinin açılmasında güclü hakimiyyətin əhəmiyyətini anlayıram və bu sahədə Sizin fəaliyyətinizi yüksək qiymətləndirirəm.

Ölkənizin tarixini araşdırdıqdan sonra əsrlər boyu Azərbaycanda müşahidə edilən tolerantlıq və dözümlülük, həmçinin siyasi həyatda qadınların iştirakı, yüksək savadlılıq səviyyəsi və demokratiyaya meyil ənənəsi məndə dərin təəssürat yaratmışdır. Bu xüsusiyyətlər Sizin prezidentlik dövrünüzdə daha da inkişaf etmişdir. Əminəm ki, Siz Azərbaycanın bundan sonra da Xəzər regionundakı digər ölkələr üçün model olmasını təmin edəcəksiniz.

Bir daha Sizi təbrik edirəm. Ümidvaram ki, ABŞ-a səfərə gəlsəniz Böyük Kanyon ştatına da baş çəkəcəksiniz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti