...

Prezident İlham Əliyev: Türkiyə Dağlıq Qarabağ məsələsində daim Azərbaycanın, ədalətin, haqqın yanındadır

Siyasət Materials 12 Noyabr 2013 15:58 (UTC +04:00)
"Əlbəttə, bu gün biz ikitərəfli əlaqələrin müxtəlif aspektlərini müzakirə etdik, ilk növbədə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi apardıq...
Prezident İlham Əliyev: Türkiyə Dağlıq Qarabağ məsələsində daim Azərbaycanın, ədalətin, haqqın yanındadır

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

"Əlbəttə, bu gün biz ikitərəfli əlaqələrin müxtəlif aspektlərini müzakirə etdik, ilk növbədə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi apardıq. Mən bir daha Türkiyə dövlətinə ədalətli mövqeyinə görə öz minnətdarlığımı bildirdim". Trend-in Türkiyənin "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Abdullah Güllə birgə mətbuata bəyanatla çıxışında deyib.

İlham Əliyev qeyd edib ki, Türkiyə bu məsələdə daim bizim yanımızdadır, ədalətin, haqqın yanındadır:

"Çünki Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış torpaqları uzun illərdir ki, Ermənistan tərəfindən işğal edilib, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının dörd qətnaməsi var ki, onlar Ermənistan tərəfindən icra edilmir və beynəlxalq hüquq normaları kobudcasına pozulur. Məsələnin həlli ilə bağlı Azərbaycan öz səylərini davam etdirir. Ancaq əfsuslar olsun ki, Ermənistanın mövqeyi imkan vermir ki, bu məsələ öz həllini tapsın və Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin. Biz bu işğaldan əziyyət çəkirik. Uzun illərdir ki, bir milyondan artıq Azərbaycan vətəndaşı öz doğma torpağında qaçqın və köçkün vəziyyətində yaşayır. Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır və bu ədalətsizliklə barışmaq mümkün deyil. Ümid edirəm ki, gələcək aylarda, illərdə bu məsələ ilə bağlı daha da ciddi addımlar atılacaq və Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir. Bir daha demək istəyirəm ki, bunu tarixi ədalət, beynəlxalq hüquq diqtə edir. Əlbəttə, Türkiyənin dəstəyi bizim gücümüzü daha da artırır, biz bu dəstəyə görə minnətdarıq".

Prezident bildirib ki, görüşdə, eyni zamanda, Azərbaycan və Türkiyəni birləşdirən və artıq regional çərçivələrdən çıxmış, qlobal müstəviyə daxil olan layihələr müzakirə edildi: "Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələri, onların hər biri böyük bir hadisədir, böyük bir uğur gətirən layihələrdir. Ancaq Türkiyə-Azərbaycan birliyi, dostluğu sayəsində biz bu layihələrin reallaşmasına nail ola bilmişik və bu gün biz daha da irəliyə baxırıq".

Dövlət başçısı vurğulayıb ki, Türkiyə son illər ərzində böyük və uğurlu yol keçib:

"Sizin rəhbərliyinizlə ölkəniz dünya miqyasında böyük güc mərkəzinə çevrilib. Türkiyə nəinki bölgə məsələləri ilə bağlı,üləc də dünyada gedən proseslərlə bağlı öz prinsipial mövqeyini göstərir və Türkiyənin yanaşmasından, mövqeyindən çox şey asılıdır. Bu bizi sevindirir, bizi ruhlandırır. Türkiyə nə qədər güclü olsa, Azərbaycan da bir o qədər güclü olacaqdır. Bu gün mənim həyatımda çox əlamətdar hadisə baş vermişdir, qardaş ölkənin ən ali mükafatı olan "Dövlət nişanı" ilə təltif olundum. Mən bu təltifi görülən işlərə qiymət kimi qiymətləndirirəm. Mən çalışmışam və bundan sonra da çalışacağam ki, Türkiyə-Azərbaycan əlaqələri daim inkişaf etsin. Biz əziz qardaşım, Prezident Abdullah Güllə son illər ərzində bu birliyi möhkəmləndirmək üçün çox böyük işlər görə bilmişik. Bu gün bizim əlaqələrimiz müttəfiqlik səviyyəsindədir. Hesab edirəm ki, Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən sıx bağlı olan ölkələrdir. Bizdə olan qarşılıqlı anlaşma, bir-birinə olan dəstək çox unikal xarakter daşıyır".

İlham Əliyevin sözlərinə görə, bu gün qarşılıqlı sərmayə qoyuluşu məsələləri uğurla öz həllini tapır və Azərbaycanın xaricdəki ən böyük sərmayələri təbii ki, Türkiyəyə yatırılan sərmayələrdir: "Bu proses artıq davam edir və növbəti beş il ərzində 15-17 milyard dollar həcmində Azərbaycan sərmayəsi Türkiyə iqtisadiyyatına qoyulacaqdır. Eyni zamanda, biz Türkiyə şirkətlərinin də Azərbaycana qoyduqları sərmayəni alqışlayırıq və iş adamları arasındakı əlaqələri dəstəkləyirik. Bu gün eyni zamanda həmişə olduğu kimi dostluq və qardaşlıq şəraitində digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər müzakirə edildi. Əziz qardaşımın qeyd etdiyi kimi, prezident seçkilərindən sonra ilk səfərim Türkiyəyə edilən səfərdir. Bu təbiidir, bu artıq bir ənənədir və əminəm ki, gələcəkdə də bu ənənə yaşayacaq. Bizim gücümüz birliyimizdədir, bizim birliyimiz tarix üzərində qurulub. Bu gün iki müstəqil dövlət, Türkiyə ilə Azərbaycan bir-birini daim dəstəkləyir, bir-birinin gücünü artırır və əminəm ki, gələcəkdə bizim işbirliyimiz, əməkdaşlığımız yüksələn xəttlə inkişaf edəcək, davam edəcəkdir. Əziz qardaşım, göstərdiyiniz qonaqpərvərliyə görə bir daha sizə öz minnətdarlığımı bildirirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti