...

XİN: Azərbaycanla Aİ arasında saziş ölkənin Avropa ilə əməkdaşlığın inkişafına yönəldiyini sübut edir

Siyasət Materials 29 Noyabr 2013 16:05 (UTC +04:00)
Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında viza rejiminin sadələşdirilməsi haqqında sazişin imzalanması ölkənin Aİ ölkələri ilə əməkdaşlığın inkişafına yönəldiyinin parlaq sübutudur.
XİN: Azərbaycanla Aİ arasında saziş ölkənin Avropa ilə əməkdaşlığın inkişafına yönəldiyini sübut edir

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında viza rejiminin sadələşdirilməsi haqqında sazişin imzalanması ölkənin Aİ ölkələri ilə əməkdaşlığın inkişafına yönəldiyinin parlaq sübutudur. Bu barədə cümə günü Trend-ə Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev bildirib.

E.Abdullayev deyib ki, saziş Azərbaycanın Avropaya inteqrasiyası, Avropa ilə əməkdaşlığın genişləndirilməsi və yaxınlaşması nöqteyi-nəzərindən istisnasız olaraq mühümdür və şübhəsiz ki, əməkdaşlığın əsasında xalqlar və millətlər arasında təmaslar dayanır.

Bu gün Vilnüsdə keçirilən III "Şərq tərəfdaşlığı" sammiti çərçivəsində Azərbaycan və Avropa İttifaqı viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalayıblar. Sazişi Azərbaycan tərəfdən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, qarşı tərəfdən isə Avropa komissarı Ştefan Füle və Litvanın xarici işlər naziri Linas Linkyaviçyus imzalayıblar.

XİN rəsmisinin qeyd etdiyi kimi, Azərbaycan bu gün region, eləcə də Aİ üçün mühüm strateji əhəmiyyətə malik ölkədir: "Aİ ilə strateji əməkdaşlıq bundan sonra da inkişaf edəcək".

Saziş Azərbaycan vətəndaşları üçün "Şengen" vizası üzrə rüsumların azaldılmasını nəzərdə tutur. Bu, ilk növbədə, təhsil və biznes xətti ilə xaricə gedən vətəndaşlara aiddir. Saziş imzalandıqdan sonra Milli Məclisdə və Avropa Parlamentində ratifikasiya olunacaq.

Bundan əlavə, "Şengen" zonasına daxil olan, lakin Aİ üzvü olmayan ölkələrlə - Norveç, İsveçrə, İslandiya və Lixtenşteynlə də ikitərəfli müqavilələr imzalamaq lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti