...

Koray Tarqay: Azərbaycanda elə standartlar var ki, onlar ATƏT-in standartlarını da üstələyir

Siyasət Materials 9 Dekabr 2013 13:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir İ.İzzət/

"Azərbaycanda düzəldilə bilinməyəcək nöqsanlar yoxdur". Trend xəbər verir ki, bunu ATƏT-in Bakı Ofisinin rəhbəri Koray Tarqay Milli Məclisdə "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"ndan irəli gələn vəzifələr və milli qanunvericilik" mövzusunda keçirilmiş "dəyirmi masa"da bildirib.

K.Tarqay qeyd edib ki, ATƏT-in Bakı Ofisi Azərbaycanda insan hüquq və azadlıqları, onların qorunması və təmin edilməsi sahəsində bütün dövlət qurumları ilə sıx əməkdaşlıq edir.

Onun sözlərinə görə, ATƏT-in Bakı Ofisi Azərbaycanda müxtəlif sahələrdə monitorinqlər aparır. Müəyyən nöqsanlar olduğu təqdirdə onlar dövlət tərəfindən əməkdaşlıq çərçivəsində həll edilir. Lakin bəzi məsələlər var ki, onların həlli üçün müəyyən müddət lazım gəlir.

K.Tarqay bildirib ki, bu gün əldə edilən uğurlar sayəsində Azərbaycanda elə standartlar var ki, onlar ATƏT-in standartlarını da üstələyir: "ASAN xidmət" mərkəzləri həqiqətən bir yaxşı nümunədir. Bu tipli təsisatlar bir çox ölkələrdə var, amma Azərbaycandakı qədər mükəmməl deyil".

K.Tarqay müqayisəli təhlil apararaq Azərbaycanın çox böyük nailiyyətlər əldə etdiyini bildirib: "Azərbaycanda irəliyə baxmaqla yanaşı, geriyə də baxmaq lazımdır. Müqayisə aparsaq görərik ki, Azərbaycan çox böyük inkişaf yolu keçib. Xətalar hər ölkənin həyatında ola bilər. Amma bunlardan çəkinmək olmaz. Cəsarət, özünəinam olmalıdır. Azərbaycanda düzəldilə bilinməyəcək nöqsanlar yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti