...

Prezident İlham Əliyev: Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin əsasında müəllimin gərgin zəhməti və gündəlik fəaliyyəti durur

Siyasət Materials 14 Dekabr 2013 12:03 (UTC +04:00)
Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin əsasında məhz müəllimin gərgin zəhməti və gündəlik fəaliyyəti durur.
Prezident İlham Əliyev: Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin əsasında müəllimin gərgin zəhməti və gündəlik fəaliyyəti durur

Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir E.Mehdiyev/

"Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin əsasında məhz müəllimin gərgin zəhməti və gündəlik fəaliyyəti durur. Təhsil sistemində həyata keçirilən bütün işlər, o cümlədən son 10 il ərzində 2700 məktəbin tikilməsi, təhsilin maliyyələşdirilməsinin artırılması, idarə edilməsinin təkmilləşdirilməsi və digər islahatlar bütövlükdə təhsilimizin aparıcı qüvvəsi olan müəllimin mövqeyinin gücləndirilməsi üçün möhkəm zəmin yaradıb". Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Bakıda keçirilən Azərbaycan Müəllimlərinin XIV Qurultayının iştirakçılarına müraciətində deyib. Müraciəti Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə oxuyub.

Prezident müraciətində bildirib: "Hörmətli qurultay iştirakçıları, sizi və sizin simanızda bütün Azərbaycan müəllimlərini səmimi qəlbdən salamlayır, hamınıza can sağlığı və xoşbəxtlik, fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram! Azərbaycan müəlliminin tarixən xalqımızın intellektual potensialının formalaşdırılmasında böyük xidmətləri vardır".

Dövlət başçısı qeyd edib ki, dilimizin, ədəbiyyatımızın, mədəniyyətimizin və mənəviyyatımızın kökündə dayanan müəllim daim cəmiyyətimizdə hörmət və ehtiramla əhatə olunub.

İlham Əliyev bildirib ki, "Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"nın qəbul olunmasından sonra qurultayın keçirilməsi Azərbaycan müəllimlərinin əvvəlki ali məclislərindən fərqləndirən mühüm hadisədir: "Strategiya qarşıdakı dövr üçün milli təhsil sisteminin prioritet istiqamətlərini və başlıca məqsədlərini müəyyən edərək sizin qarşınızda xalqımızın gələcəyi naminə həyati əhəmiyyətli yeni vəzifələr qoyur. Onun tələbi sürətlə modernləşən ölkəmizdə təhsil sisteminin insan kapitalının inkişafına xidmət etməsinin, təhsilin keyfiyyət göstəricilərinin ən yüksək səviyyəyə çatdırılmasının və bütün pillələrində köklü dönüş yaradılmasının, həmçinin müəllimin səmərəli fəaliyyətinin dünya standartlarına uyğun təşkilinin təmin olunmasından ibarətdir. Qurultayınızın ötən müddət ərzində görülən işləri obyektiv qiymətləndirəcəyinə, taleyüklü məsələlər ətrafında müzakirələrin və qərarların ölkənin təhsil sisteminin təkmilləşdirilməsinə öz layiqli töhfəsini verəcəyinə ümidvar olduğumu bildirib, hər birinizə uğurlar arzu edirəm. İnanıram ki, Azərbaycan müəllimi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, azərbaycançılıq məfkurəsinə sadiq və qloballaşan dünyada ölkəmizi layiqincə təmsil etməyə qadir vətəndaş yetişdirilməsində bundan sonra da var qüvvəsini əsirgəməyəcəkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti