...

Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipov Dövlət Bayrağı Meydanı ilə tanış olmuşdur (FOTO)

Siyasət Materials 26 Dekabr 2013 23:21 (UTC +04:00)
Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipov dekabrın 26-da Dövlət Bayrağı Meydanı ilə tanış olmuşdur.
Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipov Dövlət Bayrağı Meydanı ilə tanış olmuşdur (FOTO)

Azərbaycan, Bakı, 26 dekabr /Trend/

Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipov dekabrın 26-da Dövlət Bayrağı Meydanı ilə tanış olmuşdur.

Əvvəlcə qonağa Azərbaycan Prezidenti İlham Əliyevin Bakı bulvarının Dövlət Bayrağı Meydanı ilə birləşdirilməsinə dair tapşırıqları əsasında bu ərazidə həyata keçirilən abadlıq və tikinti-quruculuq işləri haqqında məlumat verilmişdir.

Bildirilmişdir ki, Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə Sərəncam imzalamışdır. Hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Qeyd edilmişdir ki, meydan üçün seçilmiş yer Dövlət Bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır. Dövlət Bayrağı Meydanının təməli 2007-ci il dekabrın 30-da Prezident İlham Əliyevin iştirakı ilə qoyulmuşdur. 2010-cu il sentyabrın 1-də isə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirilmişdir.

Məlumat verilmişdir ki, ümumi ərazisi 60 hektar olan meydanda bütün infrastruktur yaradılmışdır. Meydanda inşa olunmuş dayağın hündürlüyü 162 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, çəkisi isə təqribən 350 kiloqramdır.

Bildirilmişdir ki, meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanmışdır.

Səkkizguşəli ulduz formasında yaradılmış Dövlət Bayrağı Muzeyi ilə tanışlıq zamanı diqqətə çatdırılmışdır ki, muzeydə müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların, o cümlədən İrəvan xanlığının bərpa olunmuş bayraqları, həmçinin XVII-XVIII əsrlərə aid bayraqların uc elementləri, gerblər, Azərbaycan Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, poçt markaları, pul nişanlarının nümunələri, orden və medalları, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin yaranması, formalaşması və inkişafını, Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi ilə bağlı fəaliyyətini əks etdirən çoxsaylı fotolar və sənədlər, Silahlı Qüvvələrin Ali Baş Komandanının bayrağı, Silahlı Qüvvələrin qoşun növlərinin döyüş bayraqları və mərasim geyimləri nümayiş olunur.

Dünyada nadir muzeylərdən biri olan Dövlət Bayrağı Muzeyində, həmçinin Ginnes dünya rekordları təşkilatının Azərbaycanın dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edən 2010-cu 29 may tarixli sertifikatı, müxtəlif kitablar, fotoşəkillər, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədəki səfirliyinin binası üzərində dalğalanmış bayraq da nümayiş olunur. Buradakı eksponatların çoxu ilk dəfə nümayiş etdirilir. Muzeydə multimedia qurğusu da vardır.

Prezident Ramazan Abdulatipov muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.
Dağıstan Prezidentinə xatirə hədiyyələri təqdim olunmuşdur.

Dövlət Bayrağı Meydanı ilə tanışlıq Prezident Ramazan Abdulatipovda xoş təəssürat yaratmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti