Azərbaycan, Bakı, 7 yanvar /Trend/
"Son illər ərzində ən müasir avadanlıqlar alınaraq dövlət sərhədinin mühafizəsinə cəlb olunur. Bu da bizim xidməti imkanlarımızı artırır". Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Şəmkir Sərhəd Dəstəsinin qarnizonunun və yaşayış korpusunun açılışında bildirib.
E.Quliyev deyib ki, cəbhə bölgəsinə çox yaxın ərazilərdə belə işlərin həyata keçirilməsi çox vacibdir: "Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazasının gücləndirilməsi və yeni sərhəd bölmələrinin yaradılması davam etməkdədir. Buna misal olaraq ölkənin şimal-qərb sərhədlərinin mühafizəsini həyata keçirən Şəmkir Sərhəd Dəstəsinin yeni qarnizonunu göstərmək olar".
Qeyd edək ki, bu gün Şəmkir Sərhəd Dəstəsinin qarnizonu istifadəyə verilib. Burada ikimərtəbəli qərargah binası, beşmərtəbəli yataqxana, 40 yerlik tibb məntəqəsi, əsgər yeməkxanası və idman zalı, eləcə də döyüş hazırlıqlarının təşkili üçün xüsusi şəhərcik yaradılıb. Yeni qarnizon 22 bina kompleksindən və 106 mənzilli yaşayış şəhərciyindən ibarətdir.