...

Azərbaycan və Meksika arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Siyasət Materials 14 Yanvar 2014 17:24 (UTC +04:00)
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Meksika Senatının nümayəndə heyətini qəbul edib.
Azərbaycan və Meksika arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir S.Əhmədova/

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Meksika Senatının nümayəndə heyətini qəbul edib.

Trend-in Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, nümayəndə heyətinə Senatın Xarici əlaqələr komitəsinin sədri senator Qabriela Cuevas Barron rəhbərlik edib.

Görüş zamanı X.Xələfov Azərbaycanın Latın Amerikası ölkələri və Meksika ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini qeyd edərək, ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün əlverişli imkanların olduğunu diqqətə çatdırıb.

Azərbaycan ilə Meksika arasında mövcud siyasi əlaqələrin səviyyəsinin məmnunluq doğurduğunu deyən nazir müavini əməkdaşlığın inkişafında parlamentlərarası əlaqələrin xüsusi rola malik olduğunu vurğulayıb.

X.Xələfov Azərbaycan və Meksikanın bir çox beynəlxalq məsələlər üzrə yaxın mövqedən çıxış etdiklərini deyərək, Meksikanın qanunverici orqanında Xocalı soyqırımı və Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar qəbul edilmiş sənədlərin yüksək qiymətləndirildiyini qeyd edib.

Senator Azərbaycanın çox önəmli ölkə olduğunu qeyd edərək, son on ildə ölkəmizin əldə etdiyi inkişaf göstəricilərinin heyranlıq doğurduğunu bildirib və Azərbaycanın iqtisadi və sosial sahədə əldə etdiyi nailiyyətlərin və inkişaf təcrübəsinin öyrənilməsinin vacibliyini diqqətə çatdırıb.

Görüşdə ölkələrimiz arasında iqtisadi, mədəni, turizm, humanitar və xüsusilə, enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və təcrübə mübadiləsinin aparılması imkanları və qarşılıqlı səfərlərin intensivləşdirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti