Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir T.Cəfərov/
İran və Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi üçün xüsusilə mədəniyyət və iqtisadi sahələrdə böyük potensial mövcuddur. Trend-in məlumatına görə, bunu Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov "Mehr" agentliyinə müsahibəsində deyib.
C.Axundov bildirib ki, Azərbaycanın xarici siyasəti sülh və dostluğa əsaslanır: "Ölkəmizin xarici siyasətində Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyən edilən ən mühüm vəzifə xarici ölkələrlə balanslaşdırılmış və çoxşaxəli əlaqələr qurmaq və qonşu ölkələrə münasibətdə əlavə diqqət, qarşılıqlı əməkdaşlıq və mehriban qonşuluq siyasətini davam etdirməkdir".
Səfir əlavə edib ki, Azərbaycan xarici siyasətində bu strategiyaya əməl edərək Ermənistandan başqa bütün ölkələrlə, xüsusilə qonşu ölkələrlə dostluq əlaqəsi qurub: "Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib, bu işğal nəticəsində bir milyondan çox azərbaycanlı öz ev-eşiyindən didərgin düşüb. Biz heç vaxt bu məsələyə göz yummayacağıq. Hazırda işğal olunmuş ərazilərimizin sülh yolu ilə və beynəlxalq təşkilatlar vasitəsilə azad edilməsi üçün çalışırıq, lakin Ermənistan öz işğalçılıq siyasətindən əl çəkməsə, Azərbaycan işğal olunmuş ərazilərini azad etmək hüququna malikdir və bu, beynəlxalq qaydalar çərçivəsində öz həllini tapacaq".
O, qeyd edib ki, BMT Təhlükəsizlik Şurası və dünya ictimaiyyəti Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu rəsmən tanıyır: "Eləcə də Ermənistanın Qarabağda etnik təmizləmə siyasəti pislənilib və bununla bağlı BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı dörd qətnaməsi var. Bu qətnamələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Ermənistandan qeyd-şərtsiz işğal etdiyi ərazilərdən çıxmasını tələb edir, lakin Ermənistan BMT TŞ-nin bu qətnamələrinə etinasız yanaşır və onu icra etməkdən boyun qaçırır".
Səfir İran və Azərbaycan arasında iqtisadi əlaqələrin qənaətbəxş olmadığını bildirib və deyib ki, hər iki ölkə iqtisadi sahədə əməkdaşlığın səviyyəsini yüksəltməyə çalışmalıdır: "Mərkəzi ofisi Tehranda yerləşən İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində də İran və Azərbaycan arasında əlaqələri gücləndirmək olar. Üzv ölkələr arasında vahid nəqliyyat sisteminin yaradılması, təşkilata üzv olan ölkələrin böyük şəhərləri arasında magistral və dəmir yollarının çəkilməsi iqtisadi əlaqələrin inkişafına təkan verə bilər".
C.Axundov xatırladıb ki, 2013-cü ilin dekabr ayında Tehran Ticarət Palatasından 25 nəfərlik nümayəndə heyəti Bakıda səfərdə olub: "Azərbaycan-İran hökumətlərarası komissiyasının növbəti iclası 2014-cü ilin fevral ayında Bakıda keçiriləcək. Bu iclasda iqtisadi və ticari məsələlər üzrə müzakirələr aparılacaq və tədbirin sonunda iclasın gündəliyinə dair razılaşmanın imzalanması gözlənilir".
O bildirib ki, iki ölkə arasında mədəniyyət sahəsində də əməkdaşlıq davam etdirilir: "2014-cü ilin may ayında İranda Azərbaycan mədəniyyəti həftəsi keçiriləcək. Azərbaycanın turizm, incəsənət və mədəniyyət nümunələrini nümayiş etdirmək məqsədi ilə həmin həftə çərçivəsində Tehran, Təbriz, İsfahan, Ərdəbil, Şiraz və digər şəhərlərdə sərgilərin təşkili nəzərdə tutulub".
Səfir deyib ki, dünya ölkələri arasında mədəniyyət, din, adət-ənənə, tarix və hətta coğrafiya baxımından İran və Azərbaycan kimi bir-birinə yaxın iki ölkə tapmaq olmaz: "İran və Azərbaycan arasında münasibətlər dostcasına və yaxşı səviyyədədir və uzun illər ərzində bu əlaqələr daha da inkişaf edib. Hazırda da iqtisadi, siyasi və mədəniyyət sahələrində əməkdaşlıq inkişaf etdirilməkdədir".