...

Avropa Parlamentində "Azərbaycan: Sülh Yurdu" adlı sərgi keçirilib (FOTO)

Siyasət Materials 13 Fevral 2014 12:42 (UTC +04:00)
Avropa Parlamentində Azərbaycanın adət-ənənələri, həyat tərzi, mədəniyyət və tarixini əks etdirən 100 fotoşəkildən ibarət "Azərbaycan: Sülh Yurdu" adlı sərgi keçirilib.
Avropa Parlamentində "Azərbaycan: Sülh Yurdu" adlı sərgi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 13 fevral /Trend/

Avropa Parlamentində Azərbaycanın adət-ənənələri, həyat tərzi, mədəniyyət və tarixini əks etdirən 100 fotoşəkildən ibarət "Azərbaycan: Sülh Yurdu" adlı sərgi keçirilib.

Trend-in Avropa Azərbaycan Cəmiyyətinə (AAC) istinadən verdiyi məlumata görə, açılış kokteyli Avropa Azərbaycan Cəmiyyətinin (AAC) Belçika ofisi və Avropa Parlamentinin Yunanıstandan olan deputatı Niki Tzavela tərəfindən təşkil olunub.

Açılış mərasimində Avropa Parlamentinin deputatları, Avropa Şurasının üzvləri, diplomatlar, Avropa Parlamenti tədqiqatçıları və jurnalistlər iştirak ediblər.

Tədbirdə çıxış edən Avropa Parlamentinin İtaliyadan olan deputatı Fiorello Provera bildirib: "Avropa İttifaqı və Azərbaycan əsasən enerji məsələlərində daha da yaxınlaşır və İtaliya artıq Azərbaycanın əhəmiyyətli tərəfdaşı olub".

Avropa Parlamenti deputatının sözlərinə görə, Azərbaycan gözəl landşaftı, dağları və şəhərləri olan maraqlı tarixi torpaqdır: "Xanım Tzavela Azərbaycanın sülhpərvərliyini və tolerantlığını nümayiş etdirmək üçün bu sərgisini təşkil edib və bu, fotoların əksəriyyətində çox aydın görünür".

Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı fövqəladə və səlahiyyətli səfiri, Avropa İttifaqı yanında nümayəndəliyin başçısı Fuad İsgəndərov Azərbaycanı Avropa Parlamentinin üzvlərinə tanıtmaqdan çox şad olduğunu bildirib. Səfir Azərbaycan hökuməti ilə "Şahdəniz" konsorsiumu arasında imzalanan yekun investisiya qərarından söz açaraq bildirib ki, bu qərar Cənub Qaz Dəhlizinin tikintisini reallığa çevirəcək: "Növbəti illərdə Azərbaycan qazı dünyada ən bahalı infrastruktur vasitəsilə Avropaya göndəriləcək. Cənub Dəhlizinin inkişafı Aİ istehlakçıları üçün qazın qiymətini aşağı salmağa kömək edəcək".

Səfir həmçinin vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında davam edən Dağlıq Qarabağ münaqişəsinə və 1992-ci il fevralın 26-da törədilən Xocalı soyqırımına baxmayaraq, Azərbaycan öz sabitliyini qoruya və inkişaf edə bilib.

Azərbaycanın millət vəkili Asim Mollazadə də tədbirdə çıxış edərək deyib ki, Azərbaycan ərazisinin böyük bir hissəsi hələ də erməni işğalı altındadır: "Bütün beynəlxalq sənədlərdə Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı perspektivləri dəstəklənir. Biz Aİ-nin bu münaqişəyə diqqət yetirəcəyinə və ədalətli həllinə çalışacağına ümid edirik".

İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı üzrə nümayəndəsi Arif Məmmədov, AAC Brüssel ofisinin rəhbəri Roman Huna və digərləri də tədbirdə çıxış edərək öz təəssüratlarını bölüşüblər.

Tədbirdə azərbaycanlı skripka ifaçısı Sabina Rakçeyeva və "Deco" ansamblı tərəfindən Azərbaycanın tanınmış bəstəkarı Vaqif Mustafazadə, argentinalı bəstəkar Astor Piazzollanın əsərləri və Azərbaycan milli musiqisi ifa edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti