...

Azərbaycanın millət vəkilləri AŞ PA komitələrinin iclaslarında iştirak edəcəklər

Siyasət Materials 26 Fevral 2014 19:56 (UTC +04:00)
Azərbaycanın millət vəkilləri Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) komitələrinin iclaslarında iştirak edəcəklər.
Azərbaycanın millət vəkilləri AŞ PA komitələrinin iclaslarında iştirak edəcəklər

Azərbaycan, Bakı, 26 fevral /Trend/

Azərbaycanın millət vəkilləri Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) komitələrinin iclaslarında iştirak edəcəklər.

Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, parlamentin AŞ PA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Elxan Süleymanov qurumun Monitorinq komitəsinin iclasında iştirak etmək üçün fevralın 26-dan martın 1-dək Maltada səfərdə olacaqlar.

Komitənin iclasında Albaniya tərəfindən qurum qarşısında götürülmüş öhdəliklərin yerinə yetirilməsi, bu ölkənin hazırkı durumu, Makedoniya, Monako və Bolqarıstanda aparılmış monitorinqin nəticələri barədə müzakirələr aparılacaq.

Deputatlarımız müzakirələrdə fəal iştirak edəcək, öz fikirlərini bölüşəcəklər.

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Rafael Hüseynov və deputat Fazil Mustafa AŞPA-nın Hüquqi işlər və insan haqları komitəsinin iclasında iştirak etmək üçün martın 2-dən 4-dək Fransada səfərdə olacaqlar.

Paris şəhərində keçiriləcək toplantıda uşaqların dini təriqətlərin aqressiv təsirindən qorunması, internetə çıxış hüquqları, Avropada demokratik təsisatlar və tüfeyli həyat tərzi keçirən insanların hüquqları, mütəşəkkil cinayətkarlıq və terrorizmlə mübarizədə şahid qismində iştirak edən şəxslərin mühafizəsi və digər məsələlər müzakirə ediləcək.

Milli Məclisin deputatı Sahibə Qafarova AŞ PA-nın Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında iştirak etmək üçün martın 3-dən 6-dək Avstriyaya səfər edəcək.

Vyana şəhərində keçiriləcək toplantıda Avropada insan alveri ilə mübarizə üsulları, cinsi azlıqlara qarşı diskriminasiyanın aradan qaldırılması, onların hazırkı durumu və hüquqları barədə fikir mübadiləsi aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti