Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir R.Hafizoğlu/
İstanbul prokurorluğu rüşvət qalmaqalında adları hallanan sabiq nazirlərin - daxili işlər naziri Müəmmər Gülər, iqtisadiyyat naziri Zəfər Çağlayan, Avropa İttifaqı işləri üzrə nazir Egemen Bağış və şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdarın toxunulmazlığının ləğvi üçün parlamentə müraciət edib.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Anadolu" agentliyi məlumat verib.
Məlumatda qeyd olunur ki, İstanbul prokurorluğu müraciəti fevral ayının 28-də Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edib.
Keçən il dekabrın 17-də İstanbul və Ankarada keçirilmiş xüsusi əməliyyat nəticəsində 52 nəfər saxlanılmışdı. Saxlanılanlar arasında Türkiyənin hakim partiyasının üzvü olan bəzi nazirlərin övladları - iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan, daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər, şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdarın oğlu Oğuz Bayraqdar, həmçinin tanınmış iş adamlarından olan İstanbulun Fatih bələdiyyəsinin başçısı Mustafa Dəmir, Türkiyənin "Xalq Bank"ının baş direktoru Süleyman Aslan da olub.
Həbslərə səbəb həmin şəxslərin korrupsiya, qaçaqmalçılıq və narkotik maddələrin satışında ittiham edilmələri olub. Həmçinin korrupsiya qalmaqalında iqtisadiyyat naziri Zəfər Çağlayan, Avropa İttifaqı işləri üzrə nazir Egemen Bağış, daxili işlər naziri Müəmmər Gülər və şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdarın adı hallanırdı.
Bu il fevralın 14-də Türkiyənin "Xalq Bank"ının sabiq baş direktoru Süleyman Aslan və həbs olunan daha 8 iş adamı azad edilib.
Daha sonra fevralın 28-də Türkiyə Prokurorluğu rüşvət qalmaqalı ilə bağlı saxlanılan iş adamı Rza Zərrab, sabiq daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər və sabiq iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayanın həbsdən azad edilməsi haqqında qərar qəbul edib. Həmçinin rüşvət qalmaqalı ilə bağlı həbs olunan daha 5 nəfər azadlığa buraxılıb.