Azərbaycan, Bakı, 25 mart / Trend, müxbir S.Əhmədova/
Meksika Konqresi tərəfindən Deputatlar Palatasının binasında Beynəlxalq Novruz Gününə həsr olunmuş konfrans keçirilmişdir.
Trend-in Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı Səfirliyinə istinadən verdiyi məlumata görə, 2011-ci ilin mart ayından etibarən Meksika Konqresi tərəfindən ənənəvi olaraq hər il keçirilən tədbirdə Azərbaycan, İran və İraqın Meksikadakı diplomatik nümayəndəliklərinin rəhbərləri, Meksika Konqresinin əməkdaşları və ölkə içtimaiyyətinin müxtəlif tanınmış nümayəndələri iştirak və çıxışlar etmişlər.
Konfransda çıxış edən Səfir İlqar Muxtarov beynəlxalq Novruz bayramının çoxəsrlik tarixi və bayram ənənələri barədə məlumat verərək, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyası tərəfindən 2010-cu ilin fevral ayında 21 mart tarixini "Beynəlxalq Novruz Günü" elan edən qətnamənin qəbul edildiyini bildirmişdir.
Sonra konfrans iştirakçılarına Azərbaycan Səfirliyi tərəfindən hazırlanmış, ölkəmizdə mövcud Novruz ənənələrindən bəhs edən təqdimat nümayiş etdirilmişdir.
Tədbirdə şərq ədəbiyyatının görkəmli şairi Hafiz Şirazinin şerlərindən parçalar oxunmuşdur.
Konfransın yekununda tədbir iştirakçılarının sualları cavablandırılmışdır.
Həmin gün Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı Səfirliyində Novruz bayram tədbiri keçirilmişdir. Tədbirdə Meksikada yaşayan azərbaycanlı icmasının nümayəndələri - tanınmış elm və mədəniyyət xadimləri də daxil olmaqla cəmiyyətin müxtəlif təbəqələrindən olan həmvətənlilər, habelə Meksikada akkreditə edilmiş diplomatik nümayəndəliklərin təmsilçiləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Səfir İ. Muxtarov, iştirakçılara Azərbaycanda hər il keçirilən ənənəvi novruz bayramı barədə ətraflı məlumat vermiş, bu bayramın dünya xalqlarının zəngin mədəni və tarixi irsi olduğunu diqqətə çatdırmışdır.
Tədbirdə Azərbaycanın milli mətbəxt nümunələrindən ibarət ziyafət verilmiş, xalq musiqiləri səsləndirilmiş, bayram tonqalı yandırılmışdır.