...

YAP Nizami rayon təşkilatı Şurasının iclası keçirilib (FOTO)

Siyasət Materials 29 Aprel 2014 18:30 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı Şurasının iclası keçirilib.
YAP Nizami rayon təşkilatı Şurasının iclası keçirilib (FOTO)

Azərbaycan, Bakı, 29 aprel /Trend/

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı Şurasının iclası keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

İclasda çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, hazırda rayon təşkilatının 141 ərazi ilk partiya təşkilatında 11 minədək partiya üzvü birləşib: "Ötən il ərzində rayon təşkilatının sıralarına 1111 nəfər qəbul edilib və 26 yeni ilk partiya təşkilatı yaradılıb. Qeyd edim ki, partiyaya qəbul 2012-ci illə müqayisədə 2013-cü ildə 20-25 faiz artıq olub. Bu da əlbəttə ki, rayon təşkilatının siyasi-ideoloji fəaliyyətinin sistemli və məqsədyönlü şəkildə həyata keçirilməsinə dəlalət edir".

Sonra iclasın gündəliyi açıqlanıb və ilk olaraq rayon təşkilatının 2013-cü ildəki fəaliyyətinə dair hesabatı dinlənilib.

Hesabatı Şura iclasının iştirakçılarının diqqətinə çatdıran YAP Nizami rayon təşkilatının Aparat rəhbəri Ramil Vəlibəyov bildirib ki, rayon təşkilatı 2013-cü il ərzində bir çox işlərə imza atıb: "YAP İcra Katibliyinin tapşırıq və tövsiyələrinə uyğun olaraq, təşkilat cəmiyyətimizin bütün sosial təbəqələrini əhatə edən əhəmiyyətli tədbirlər keçirib, layihələr reallaşdırıb. Məhz YAP Nizami rayon təşkilatı ümummilli lider Heydər Əliyevin ideyalarına sadiq qalaraq, siyasi-ideoloji maarifləndirməni bir an da olsun dayandırmayıb, əksinə, kütləvi tədbirlərlə onun təsirini daha da artırıb".

Hesabat ətrafında çıxış edən rayon təşkilatının İdarə Heyətinin üzvü, EKOL ərazi ilk partiya təşkilatının sədri Fəxrəddin Quliyev hesabatı qənaətbəxş hesab edib və təşkilatın gələcək fəaliyyətində uğurlar arzulayıb.

Sonra iclasda YAP Nizami rayon təşkilatının Qadınlar Şurasının sədri Sevda Abdullayeva hesabat məruzəsi ilə çıxış edib.

Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının Qadınlar Şurası öz sıralarını möhkəmləndirilməklə rayonun ictimai-siyasi həyatında fəal iştirak edir: "Hazırda onların sayı 5000 nəfərdən çoxdur. Bu göstərici tərkibi 10 634 nəfərdən ibarət olan rayon partiya üzvlərinin təxminən 50 faizini təşkil edir".

Hesabat ətrafında çıxış edən digər partiya fəalları bildiriblər ki, qadınlar hər zaman Azərbaycanın ictimai-siyasi həyatında aktiv olub və bu mənada 9 oktyabr prezident seçkiləri də istisna olmadı: "Bu gün Azərbaycan qadınının həyatımızın bütün sahələrində əldə etdiyi uğurlar, nümayiş etdirdiyi yüksək göstəricilər ölkəmizdə əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş qadın siyasətinin inkişafının sistemli şəkildə həyata keçirilməsinin məntiqi nəticəsidir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan cəmiyyətində qadınların rolunun yüksəldilməsi üçün hərtərəfli şərait yaradılır, ardıcıl tədbirlər həyata keçirilir. Buna görə də qadın problemlərinə dövlət səviyyəsində diqqət və qayğını biz həmişə hiss edirik".

Vurğulanıb ki, respublikada qadınların qərar qəbuletmədə və hakimiyyət orqanlarında iştirakı da getdikcə artmaqdadır. Nizami rayonunda da qadınlar yüksək aktivlik nümayiş etdirirlər. Təkcə rayon təşkilatının 5000-dən artıq qadın üzvü var və onlar hər işdə olduğu kimi, qarşıdan gələn bələdiyyə seçkilərində də ortaya qətiyyətli mövqe qoyacaq və ölkəmizin gələcəyi naminə əhəmiyyətli qərar verəcək.

Müzakirələrdə çıxış edənlər, eyni zamanda, son illər ölkəmizdə aparılan quruculuq işlərindən, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Yeni Azərbaycan Partiyasının sədr müavini Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən beynəlxalq tədbirlərin əhəmiyyətini yüksək qiymətləndiriblər.

İclasın sonunda YAP Qadınlar Şurasının növbəti konfransına nümayəndələr seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti