Azərbaycan, Bakı, 5 may /Trend, müxbir S.Əhmədova/
Bu gün Bakıda İsrailin müstəqilliyinin 66-cı ildönümü münasibətilə tədbir keçirilib.
Trend-in məlumatına görə, tədbirdə çıxış edən İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz qonaqları salamlayaraq ölkəsinin müstəqillik əldə etdikdən sonra keçdiyi inkişaf yolu və əldə etdiyi nailiyyətlər barədə danışıb: "Biz Azərbaycanı öz yaxın tərəfdaşlarımız arasında görməkdən şadıq. Bizim münasibətlərimiz səmimi dostluq və qarşılıqlı anlaşma əsasında qurulub".
Səfir qeyd edib ki, Azərbaycan tolerantlıq nümunəsidir: "Azərbaycanla əməkdaşlığımızı yeni sahələr üzrə genişləndirmək niyyətindəyik".
Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov tədbirdə çıxış edərək İsrail Dövlətini milli bayramı - Müstəqillik günü ilə əlaqədar Azərbaycan Prezidenti adından təbrik edib.
Nazir bildirib ki, Azərbaycan və İsrail dostluq nümunəsidir: "Azərbaycanda tarixən yəhudi icması yaşayıb və yaşayır. Biz Azərbaycanda dini, milli, mədəni müxtəlifliklə, dözümlülüyümüzlə fəxr edirik".
O, hər iki ölkə arasında yüksək səviyyəli görüşləri vurğulayıb.
Ə.Abbasov qeyd edib ki, Azərbaycan və İsrail arasında 6 sənəd artıq imzalanıb, 8 sənəd isə hazırlanma mərhələsindədir.
Nazirin sözlərinə görə, Azərbaycan-İsrail ticarət münasibətlərinin inkişafında İsrail-Azərbaycan Ticarət Palatası böyük rol oynayır: "İsrail Dövlətinə Azərbaycanı beynəlxalq qurumlar çərçivəsində, xüsusən, ölkənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyini dəstəklədiyinə görə minnətdarlığımızı bildiririk".