...

Gürcüstan hakimiyyətinin azərbaycanlılara qarşı erməni silahı

Siyasət Materials 24 İyun 2014 12:25
İyunun 15-də Gürcüstanda yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilər sözün bütün mənasında Gürcüstan adına böyük biabırçılıq kimi yadda qaldı.
Gürcüstan hakimiyyətinin azərbaycanlılara qarşı erməni silahı

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 24 iyun /Trend/

Elçin Mehdiyev, Trend İnformasiya Agentliyinin icmalçısı

İyunun 15-də Gürcüstanda yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilər sözün bütün mənasında Gürcüstan adına böyük biabırçılıq kimi yadda qaldı.

Budəfəki bələdiyyə seçkiləri bütün rayon və şəhərlərdə hakimiyyət namizədlərinin xeyrinə kütləvi şəkildə saxtalaşdırma, Azərbaycan əsilli namizədlərə qarşı qeyri-adekvat münasibət və qanunsuz hərəkətlərlə keçdi.

Xüsusən də, seçkilərin saxtalaşdırılmasında Gürcüstan vətəndaşları olan ermənilərin mühüm rol oynaması olduqca təəssüfləndirici haldır və Gürcüstan ilə Azərbaycan arasında mövcud münasibətlərin heç bir çərçivəsinə sığmır.

Elə misal üçün qeyd etmək lazımdır ki, əhalisinin 86 faizindən çoxu azərbaycanlı olan Marneulidə kifayət qədər nüfuz sahibi olan Milli Hərəkat Partiyasının namizədi Əhməd İmamquliyevin böyük səs çoxluğu ilə qələbə qazanacağına heç bir şübhə olmadığı halda hakim Gürcü Arzusu Partiyasının gürcü əsilli namizədinin "üstünlük qazandığı"nın elan olunması da seçkilərin qeyri-şəffaf keçirilməsinin bariz nümunəsidir.

Eyni zamanda, bələdiyyə seçkilərindən öncə Əhməd İmamquliyevin namizədliyinin Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmamasına etiraz olaraq minlərlə sakinin Marneulidə mitinq keçirməsi də deyilənlərin sübutu hesab oluna bilər.

Ancaq çox təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu cür saxtakarlıq halları təkcə Marneulidə deyil, bütün rayon və şəhərlərdə müşahidə olunurdu.

Yenə qayıdıram ermənilərin bələdiyyə seçkilərinin saxtalaşdırılmasındakı roluna. Etibarlı mənbələrin də verdiyi məlumatlara görə, ermənilər hakimiyyət tərəfindən seçki komissiyalarına öncədən məqsədli şəkildə yerləşdiriliblər.

Təsadüfi deyil ki, Gürcüstanda 12 seçki dairəsinin 340 seçki məntəqəsində - Saqareco, Telavi, Marneuli, Qardabani, Laqodexi, Bolnisi, Dmanisi, Tsalka, Теtritskaro, Axaltsixe, Axalkalaki və Ninosmindanın seçki komissiyalarında etnik azlıq hesab olunan 2446 nəfərin 62 faizi ermənilər, 37 faizi azərbaycanlılar və bir faizi - ruslar, avarlar, osetinlər olub.

Nəzərə alsaq ki, yuxarıda adları sadalanan rayonlarda yaşayan azərbaycanlıların sayı ermənilərdən ən azı 3 dəfə çoxdur, o halda seçki komissiyalarında ermənilərin üstünlük təşkil etməsi heç də təsadüfə oxşamır.

O cümlədən azərbaycanlıların çoxluq təşkil etdiyi rayonlarda - Qaradabani (Qarsevan Nioradze), Marneuli (Merab Topçişvili), Bolnisi (Qoqi Meşveriani), Dmanisi (Qoqi Barbakadze) - gürcü əsilli namizədlər "seçildikləri" halda, etnik ermənilərin yaşadığı Ninotsmindada - Qaqik Karlsyan, Axalkalakidə - Eduard Aqasaryan adlı ermənilərin "seçilməsi" də kifayət qədər şübhəlidir. Yəni necə ola bilər ki, Borçalıda bir nəfər də olsun azərbaycanlı namizəd bələdiyyə sədri və yaxud mer seçilə bilmir, amma Cavaxetiyada ermənilər gürcü namizədə qalib gəlir?!

Bu faktın özü də Gürcüstanda seçkilərin hakimiyyət tərəfindən kütləvi şəkildə saxtalaşdırıldığının daha bir göstəricisidir. Məhz bu səbəbdən də son günlər ölkədə bələdiyyə seçkilərinin nəticəsinin ləğvi ilə bağlı artan tələbləri tamamilə haqlı hesab etmək olar.

Ümumiyyətlə, mövcud Gürcüstan hakimiyyətinin ermənilərdən istifadə etməklə azərbaycanlılara qarşı bu cür ögey münasibət bəsləməsi heç cür başa düşülən deyil. Nədən başa düşülən deyil? Ona görə ki, əvvəla Ermənistan inkişaf etməyən, dünya ölkələrində heç bir əhəmiyyətə malik olmayan, öz sözü olmayan, müstəqil siyasəti olmayan bir ölkədir. Azərbaycan isə artıq nəinki regionda, eyni zamanda dünyada söz sahibinə çevrilən, tam müstəqil daxili və xarici siyasət yürüdən, dünya dövlətlərinin ən həssas problemi olan enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan, irimiqyaslı regional və beynəlxalq layihələrin həyata keçirilməsində əsas iştirakçı qısmində çıxış edən bir ölkəyə çevrilib. Onu da unutmaq lazım deyil ki, Gürcüstan Azərbaycanın iqtisadi imkanlarından, enerji resurslarından, həyata keçirdiyi böyük layihələrdən kifayət qədər fayda götürür. Elə Gürcüstanın da enerji təhlükəsizliyi məhz Azərbaycanın enerji resursları hesabına təmin edilir.

Sadaladığım yalnız bir neçə faktı nəzərə alaraq, Gürcüstanın azərbaycanlılara qarşı sərgilədiyi bu haqsız münasibət başa düşülən deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti