Azərbaycan, Bakı, 20 avqust /Trend/
Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevin dəvəti ilə Əfqanıstan İslam Respublikası Daxili İşlər Nazirliyi Sərhəd Polisinin komandanı general-leytenant Məhəmməd Şəfiq Fəzlinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Sərhəd Mühafizəsinin 95-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdə iştirak etmək məqsədilə ölkəmizə səfər edib.
DSX-nin Mətbuat mərkəzindən Trend-ə verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin Aparatında general-leytenant M.Ş.Fəzlinin təntənəli qarşılanma mərasimi keçirilib. Protokola uyğun olaraq, Əfqanıstan Sərhəd Polisinin komandanı "Şərəf dəftəri"nə ürək sözlərini yazıb.
E.Quliyev və M.Ş.Fəzlinin rəhbərlik etdikləri nümayəndə heyətləri arasında geniş tərkibdə görüş keçirilib.
Görüşdə sərhəd təhlükəsizliyi məsələləri, dövlət sərhədlərinin mühafizəsinin təkmilləşdirilməsi tədbirləri, əldə olunmuş xidməti nailiyyətlər müzakirə olunub, qurumlar arasında əməkdaşlığın perspektivlərinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı Əfqanıstan Sərhəd Polisi əməkdaşlarının DSX Akademiyasında uzun müddətli akademik təlimlərdə, eləcə də müxtəlif ixtisas sahələri üzrə təkmilləşdirmə kurslarında iştirakı ilə bağlı ikitərəfli əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb.
Səfər çərçivəsində Əfqanıstan nümayəndə heyəti Bakı şəhərinin tarixi-mədəni yerləri ilə də tanış edilib.
Səfər dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.