Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və digər müxalifət partiyaları müxtəlif cinayətlər törətməkdə təqsirləndirilən qeyri-hökumət təşkilatları (QHT) rəhbərlərinin hüquqlarını müdafiə etmək adı altında əslində özlərini qorumağa çalışırlar. Bu barədə Trend-ə Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov AXCP-nin kütləvi aksiyalar keçirmək planına münasibət bildirərkən deyib.
O vurğulayıb ki, AXCP və digər müxalifət partiyaları öz maliyyə qaynaqları barədə ictimaiyyətə heç bir məlumat vermirlər.
S.Novruzov bildirib ki, "Siyasi partiyalar haqqında" qanunda göstərilib ki, hər bir siyasi partiya öz maliyyə vəsaitləri haqqında ildə bir dəfədən az olmamaq şərtilə aidiyyəti qurumlar qarşısında hesabat verməlidir: "Bundan əlavə, şəffaflıqdan danışan partiyalar hələ indiyə qədər haradan maliyyələşdikləri və hansı maliyyə mənbələrinin olduğu haqqında məlumat vermirlər.
Onun sözlərinə görə, bu da onu deməyə əsas verir ki, həmin siyasi partiyalar, xüsusilə AXCP həmin QHT-lər vasitəsilə maliyyələşirlər: "AXCP-nin sədrinə sual olunur: özün və ətrafındakılar heç bir yerdə işləmədiyiniz halda, hansı vəsait hesabına cangüdən, avtomobil və fəaliyyətinizi təmin edirsiniz? Uşaqlarınız xaricdə ən yüksək ödənişli məktəblərdə təhsil alır. Bu da ona dəlalət edir ki, məhz həmin QHT-lərin maliyyəsi bu cür partiyalara sərf olunub. İndi də onların hüquqlarının müdafiəsi adı altında özlərini qorumağa çalışırlar".