Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir İlkin İzzət/
Bu il Daxili Qoşunlarda hərbi intizamın möhkəmləndirilməsində 2013-cü illə müqayisədə müsbət nailiyyətlər qazanılıb. Trend xəbər verir ki, bunu daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı general-mayor Şahin Məmmədov Daxili Qoşunların Baş İdarəsində Daxili Qoşunlarda hərbi intizamın vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş hərbi şuranın geniş tərkibdə keçirilən iclasında bildirib.
Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin baş məsləhətçisi general-mayor Rövşən Tapdıqov, Baş İdarənin şöbə və xidmət rəisləri, hərbi hissələrin komandirləri, komandirlərin tərbiyə işləri üzrə müavinləri və tərbiyə bölmələrinin rəislərinin iştirak etdiyi iclasda çıxış edən Daxili Qoşunların komandanı bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunmuş Daxili Qoşunlar ötən müddət ərzində ictimai asayişin və təhlükəsizliyin keşiyində ayıq-sayıq dayanıb, cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsi üzrə tədbirlərdə, xüsusi əməliyyatların keçirilməsində fəal iştirak edib və qarşıya qoyulan tapşırıqları layiqincə yerinə yetirib: "2014-cü ilin ötən dövrü ərzində qoşunlarda şəxsi heyətlə tərbiyə işinin təşkilində nailiyyətlər əldə edilib, dövlət əhəmiyyətli əlamətdar tədbirlər icra olunub, ümumilikdə bu istiqamətdə mühüm işlər həyata keçirilib".
General-mayor Ş.Məmmədov qarşıda duran əsas vəzifələrin icrasının daha yüksək səviyyədə təmin edilməsi məqsədilə hərbi hissələrdə və bölmələdə tərbiyə işi tədbirlərinin keyfiyyətlə həyata keçirilməsi, qanunçuluğa riayət edilməsi, hərbi kollektivlərin möhkəmləndirilməsi və nizamnamədənkənar münasibətlərin qarşısının alınmasında ictimai təşkilatların rolundan geniş istifadə edilməsi və digər kompleks tədbirlərin görülməsi barədə müvafiq tapşırıqlar verib.
O, əminliklə deyib ki, Daxili Qoşunların rəhbərliyi başda olmaqla, hərbi hissələrin komandanlıqları, Baş İdarənin şöbə və xidmət rəisləri Azərbaycan Respublikasının qanunlarından, ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin fərman və sərəncamlarından, Daxili İşlər Nazirinin əmr və göstərişlərindən irəli gələn vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək, ölkədə sabitliyin və hüquq qaydasının keşiyində mətin dayanacaqlar.
Hərbi Şuranın iclasında çıxış edən Daxili Qoşunların Baş İdarəsinin Mənəvi - psixoloji hazırlıq şöbəsinin rəisi polkovnik Mətləb Qənbərov Daxili Qoşunlarda hərbi intizamın vəziyyəti və qarşıda duran vəzifələr barədə məruzə edib.
O, bildirib ki, cari ildə Qoşunların şəxsi heyəti ilə tərbiyə işi qanunçuluğun və hərbi intizamın möhkəmləndirilməsinə, nizamnamədənkənar münasibətlərin və xəsarətalma hallarının qarşısının alınmasına yönəlib. Qeyd olunub ki, xidməti döyüş tapşırıqlarının xüsusiyyəti nəzərə alınmaqla onların müvəffəqiyyətlə yerinə yetirilməsində psixoloji dözümlülüyün artırılmasına, xidmətin keyfiyyətlə aparılmasında komandir və rəislərin şəxsi nümunə göstərmələrinə xüsusi diqqət yetirilmiş, şəxsi heyətin ictimai-siyasi hazırlığının daha da artırılmasına önəm verilib. Bu məqsədlə müntəzəm olaraq hərbi intizamın vəziyyəti və keçirilən tərbiyə işi tədbirləri nəzarətdə saxlanılıb, hər ay təhlil edilərək, Daxili Qoşunların Komandanlığına məruzə olunub, müvafiq tövsiyələr verilib. Bundan əlavə baş vermiş ölüm, cinayət, hadisə, kobud intizam pozuntularının və xəsarət alma hallarının statistikasında 2013-cü illə müqayisədə müsbət dinamikanın müşahidə olunduğu vurğulanıb və bir sıra nöqsanların mövcudluğu nəzərə çatdırılıb.
Sonra Hərbi Şuranın iclasında bir sıra hərbi hissələrin komandiri və komandirlərin tərbiyə işləri üzrə müavinləri dinlənilib. Dinləmələr zamanı çıxış edənlər Hərbi Şuranın üzvlərinin mövcud nöqsanlar, onların yaranma səbəbləri, baş vermə şəraitləri ilə bağlı suallarına izahat verib, bu nöqsanların aradan qaldırılması və gələcəkdə təkrarlanmaması üçün görülməsi zəruri olan tədbirləri məruzə ediblər.