Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir İlkin İzzət/
"Nikaraqua dövlət idarəetməsində yeniliklər tətbiq etməlidir ki, hazırda ölkənin iqtisadi inkişaf səviyyəsində irəliləyişə nail ola bilsin. Biz bu məsələdə Azərbaycanın təcrübəsindən yararlana bilərik". Bunu Trend-ə açıqlamasında Nikaraqua Respublikası Prezidentinin ofisində dövlət siyasəti üzrə nazir Paul Akuist deyib.
Onun sözlərinə görə, hazırda Nikaraqua Azərbaycanın 20 il bundan əvvəlki dövrünü yaşayır: "Azərbaycan müstəqilliyini əldə etdikdən sonra keçid dövrünü yaşadı və güclü inkişaf yoluna qədəm qoydu. Nikaraqua isə Latın Amerikasında və Karib dənizi hövzəsində ən kasıb ikinci ölkədir. İndi biz də müəyyən inkişaf dövrünü yaşayırıq. Yəni Azərbaycanın 20 il bundan əvvəl etdiyini biz indi etməyə başlamışıq".
P.Aquist qeyd edib ki, Nikaraqua xüsusən resursların idarə edilməsi və iqtisadi idarəetmədə Azərbaycan dövlətinin təcrübəsindən yararlana bilər: "Nikaraqua resursların azlığını yaşayır. Bu da iqtisadi inkişafa maneçilik törədir. Məsələn, Azərbaycanın nefti var və neftdən gələn gəlir Dövlət Neft Fondunda toplanır, daha sonra ondan iqtisadiyyatın inkişafı üçün səmərəli istifadə olunur, müxtəlif sahələrə investisiyalar qoyulur. Biz də iqtisadiyyatın inkişafı üçün Azərbaycanın dövlət idarəçiliyi təcrübəsindən istifadə edə bilərik".