...

Moskva meri Sergey Sobyaninin başçılıq etdiyi nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub

Siyasət Materials 25 Sentyabr 2014 17:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 sentyabr /Trend/

Moskva şəhərinin meri Sergey Sobyaninin başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 25-də Azərbaycana səfəri çərçivəsində Heydər Əliyev Mərkəzində olub.

Trend-in məlumatına görə, Sergey Sobyaninə dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verilib.

Bildirilib ki, Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin, Ulu Öndərin irsinin dərindən öyrənilməsi və tədqiqi istiqamətində fəaliyyət göstərir. Həmçinin Mərkəz Azərbaycanın tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliğinə, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına xidmət edən layihələr həyata keçirir.

Qeyd olunub ki, dünya şöhrətli memar Zaha Hadidin layihəsi əsasında tikilən Mərkəz dünya memarlığı siyahısına daxil edilib. Burada rəsmi qəbullar, müxtəlif beynəlxalq konfranslar, iclaslar və digər tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb.
Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi Moskva merində böyük maraq doğurub.
Diqqətə çatdırılıb ki, Muzey ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində istifadəyə verilib. Muzeyin "Şəkillərə həkk olunan ömür", "Azərbaycanın ictimai-siyasi həyatı", "Dövlətçiliyimiz, irsimiz, nailiyyətlərimiz" bölmələrində Ulu Öndərin həm sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual təqdim edilir. Hər bir mövzuya aid materiallar səsli formada həm Azərbaycan, həm də ingilis dillərində verilir.

Qonaqlar Mərkəzdə "Azərbaycan inciləri" sərgisi ilə də tanış oldular. Məlumat verildi ki, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu ekspozisiyada ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsinə dair nadir eksponatlar nümayiş olunur. Qədim sənət növlərinin, xüsusilə də Azərbaycan xalçaçılıq məktəblərinin ən nadir nümunələrinin əks olunduğu sərgidə misgərlik məmulatının təqdimatı da xüsusi maraq doğurur. Qədim musiqi alətlərimiz orijinal qaydada - səsli formada təqdim edilir. Milli geyimlərimizin, qədim sikkələrin təqdim olunduğu sərgidə tolerantlıq ünvanı olan Azərbaycanda müxtəlif dinlərə aid müqəddəs kitablar da ziyarətçilərin diqqətinə çatdırılır.

Nümayəndə heyətinin üzvləri Mərkəzin "Auditorium" zalına da baxdılar. Moskvanın meri Sergey Sobyanin Mərkəzin Xatirə kitabına ürək sözlərini yazdı.

Sonda Heydər Əliyev Mərkəzi tərəfindən qonağa hədiyyə təqdim olundu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti