Azərbaycan, Bakı, 26 sentyabr /Trend/
Oktyabrın sonlarında Fransa Prezidenti Fransua Ollandın təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü nəzərdə tutulub. Serj Sarkisyanın Ollandın təşəbbüsündən imtina etməli halı yoxdur. O, Ollandın təşəbbüsünü bir dəfə rədd edib. Məhz bu səbəbdən prezidentlərin görüşü barədə Ollandın təşəbbüsünün reallaşma ehtimalı çox böyükdür. Bunu Trend-ə açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloqun sözlərinə görə, Ollandın təşəbbüsünün reallaşması həmsədr ölkə rəhbərlərinin ayrı-ayrılıqda keçirdikləri prezidentlərin görüşü silsiləsinin tamamlanması deməkdir: "S.Sarkisyanın görüşə razılıq verməsi onun böyük sülh sazişinin imzalanmasına razılıq verməsi anlamında deyil. Ona görə görüş baş tutsa da, Dağlıq Qarabağ tənzimlənməsində heç bir dəşişiklik baş verməyəcək.
Nəzərə alınmalıdır ki, Fransanın Ermənistandakı səfiri A. Renonun aktivliyi isə Prezident Ollandın təşəbbüsünə maneçilik edə bilər. Fransadan Ermənistana gələn parlamentarların sayı son vaxtlar xeyli artıb. Bu artımda süni müdaxilə aşkar görünür. Qarabağa gedən Fransa parlamentarilərinin son görüş yeri isə Fransanın Ermənistandakı səfirliyinin binasıdır. Dağlıq Qarabağdan qayıtdıqdan sonra da yenə birbaşa Fransa səfirliyinə gəlirlər. Ermənistana gələn Fransa parlamentarilərinin hamısı Dağlıq Qarabağın müstəqil olması istiqamətində alovlu bəyanatlar verirlər".
M.Əhmədoğlu deyib ki, Ermənistana ən tutarlı təsir mexanizmlərindən biri Gömrük İttifaqıdır. S.Sarkisyan Ermənistanı bu quruma üzv etməkdən ötrü ciddi cəhdlə çalışır: "Əgər S.Sarkisyan Ermənistanın iqtisadi inkişaf perspektivlərinin və təhlükəsizlik məsələsinin həllini Gömrük İttifaqı məkanında axtarırsa, deməli Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini də bu məkanda axtarması daha məntiqlidir. Belə deyilsə, deməli Ermənistan Gömrük İttifaqınının imkanlarından bəhrələnməklə işğalçılıq siyasətini daha da gücləndirmək istəyir. Ukrayna hadisələrində Belarus Prezidenti A.Lukaşenko uğurlu barışdırıcılıq təşəbbüsünün müəllifi oldu. A.Lukaşenkonun barışıq resurslarının reallaşması Ukrayna ətrafındakı hadisələrdən real nəticə yaradıb. Minsk Ukrayna məsələsində barışıq proseslərinin mərkəzi məkanına çevrilib".
Onun sözlərinə görə, Qazaxıstanın Prezidenti N.Nazarbayev çox böyük ambisiyalı dövlət adamıdır. Ambisiyasının əsasını təkcə qazax xalqı qarşısında deyil, regionda və beynəlxalq aləmdə gördüyü işlər təşkil edir: "Lakin N.Nazarbayevin Ukrayna proseslərindəki barışdırıcılıq missiyasında irəli sürdüyü təkliflər reallaşmadı. N.Nazarbayev həyat qabiliyyətli, dünya miqyaslı ideyalar irəli sürməkdə böyük təcrübəyə malikdir. Ona görə onun ideyalarının reallaşmamasının günahkarı Qazaxıstandan kənarda axtarılmalıdır.
Ermənistan Soçi görüşündə V.Putinin Dağlıq Qarabağ tənzimlənməsində RF-nin xüsusi statusunu rədd etdi.
Dağlıq Qarabağ tənzimlənməsinin yubanması indi hətta RF üçün təhlükəlidir. Tənzimlənmənin yubanmasında Ermənistan və ATƏT MQ maraqlıdır. Ermənistanın marağı bəllidir. ATƏT MQ isə indiki böhran vaxtında ildə bir milyon avroluq büdcəni əlində saxlamağa çalışır.
Ümumiləşdirsək, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində zəruri olan iki parametrin mövcud olduğunu görürük. Bunlardan birincisi S.Sarkisyanın başçılıq etdiyi Ermənistanın iqtisadi və təhlükəsizlik məsələlərinin həllini Gömrük İttifaqında tapmasıdır. İkinci parametr isə Gömrük İttifaqı üzvləri olan Qazaxıstan və Belarusun barışdırıcılıq potensialıdır. Rusiya həqiqətən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini istəyirsə, bu iki parametrin dərhal fəaliyyətə başlamasına şərait yaratmalıdır".
M.Əhmədoğlu deyib ki, siyasi iradə olacağı təqdirdə mexanizm sadədir: "Rusiya ATƏT MQ-nin tərkibindən çıxır. Bununla ATƏT MQ ləğv olunur. Və ya Ermənistan özü ATƏT MQ-dən imtina edir, Qazaxıstan və Belorusdan vasitəçiliklə məşğul olmağı xahiş edir. Gömrük İttifaqı ATƏT MQ-nin 2009-cu ildən üzübəri hazırladığı sənədləri əsas kimi qəbul edir və bunun əsasında vasitəçıliyə başlayır. Gömrük İttifaqı ATƏT MQ-nin 2009-cu ildən sonrakı sənədləri təkmilləşdirməklə reallaşmanın icra mexanizmlərini hazırlayır. Bunula da Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin praktiki mərhələsi başlayır".