...

Azərbaycan İdman yarışlarının manipulyasiyasına dair Konvensiyanın I Avropa Oyunlarından öncə qüvvəyə minməsini istəyir

Siyasət Materials 2 Oktyabr 2014 16:42 (UTC +04:00)
Azərbaycan İdman yarışlarının manipulyasiyasına dair Konvensiyanın 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarından öncə qüvvəyə minməsini istəyir. Trend xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri və Avropa Şurası Nazirlər Komitəsinin sədri Elmar Məmmədyarov Strasburda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyasında çıxışı zamanı deyib.
Azərbaycan İdman yarışlarının manipulyasiyasına dair Konvensiyanın I Avropa Oyunlarından öncə qüvvəyə minməsini istəyir

Fransa, Strasburq, 2 oktyabr /Trend, müxbir Aydın Salmanov/

Azərbaycan İdman yarışlarının manipulyasiyasına dair Konvensiyanın 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarından öncə qüvvəyə minməsini istəyir. Trend xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri və Avropa Şurası Nazirlər Komitəsinin sədri Elmar Məmmədyarov Strasburda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, noyabrın 13-də Azərbaycan Nazirlər Komitəsinin sədrliyini Belçikaya ötürəcək, lakin o vaxta qədər prioritetlərini həyata keçirməyə davam edəcək.

Onun sözlərinə görə, iyul ayında Nazirlər Komitəsi tərəfindən İdman yarışlarının manipulyasiyasına dair Konvensiyanın qəbul edilməsi Azərbaycanın sədrliyi üçün böyük qürur mənbəyi olub. Bu Konvensiya Avropa Şurasının idman etikasına tarixi sadiqliyinə uyğundur. Bu, həmçinin Azərbaycanın əsas prioritetlərindən olan korrupsiya ilə mübarizəyə töhfədir: "18 sentyabr tarixind, İsveçrənin Macklin şəhərində keçirilmiş Avropa Şurasının idman nazirlərinin 13-cü konfransında mənim ölkəm də daxil olmaqla, ən azı 15 üzv dövlətin Konvensiyanı imzalamasından xüsusi məmnunluq duyuram. Həm üzv, həm də qeyri-üzv dövlətlər tərəfindən imzalanmağa açıq olan Konvensiyanın tez bir zamanda qüvvəyə minməsi üçün zəruri olan ratifikasiya saylarının təmin ediləcəyinə ümid edirəm. Biz Konvensiyanın bu əhəmiyyətli hüquqi çərçivənin qəbuluna davamlı dəstəyimizin başlıca səbəblərindən biri olan 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarından öncə qüvvəyə minməsini istərdik. Bakının 2020-ci il Avropa futbol oyunlarının keçiriləcəyi şəhərlərdən biri seçilməsi bizi sədrlik müddətimizdən sonra da bu Konvensiyanın təşviqini davam etdirməyə ruhlandıracaq".

E.Məmmədyarov qeyd edib ki, xüsusi sədrlik dövründə GRECO və Beynəlxalq Antikorrupsiya Akademiyası (IACA) ilə birlikdə 30 iyun - 1 iyul 2014-cü il tarixlərində Bakıda korrupsiya ilə mübarizə üzrə beynəlxalq standartlar və milli təcrübəyə həsr olunmuş konfrans təşkil olunub. Üç plenar iclas antikorrupsiya qanunvericiliyinin həyata keçirilməsi və onun məhkəmə-hüquq sisteminin səmərəliliyinin artırılmasında rolu, təhsil vasitəsilə korrupsiya ilə mübarizə, korrupsiyaya qarşı preventiv tədbirlər, iqtisadi inkişaf və korrupsiyaya qarşı mübarizə, ixtisaslaşmış antikorrupsiya agentlikləri arasında beynəlxalq əməkdaşlıq, korrupsiya ilə bağlı cinayətlərin təhqiqatı zamanı cinayət prosesi iştirakçılarının mühafizəsi kimi müxtəlif məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmasına şərait yaradıb. İştirakçılar ayrı-ayrı dövlətlərin uğurları və üzləşdikləri problemlərlə tanış olmaq imkanı əldə ediblər: "Bu xüsusi tədbirdə Beynəlxalq Antikorrupsiya Akademiyası ilə əməkdaşlığın səmərəliliyi təsdiqləndi və konfrans korrupsiyaya qarşı mübarizə sahəsində Avropa Şurasının IACA ilə qarşılıqlı fəaliyyətinin yaxşı nümunəsi kimi göstərilə bilər. IACA-nın üçüncü sessiyasını gələn ay Bakıda keçirməyə dair qərarı bu uğurlu sədrliyin məntiqi nəticəsidir".

O, əlavə edib ki, Azərbaycanın sədrlik gündəliyi çərçivəsində təşkil etdiyi digər əhəmiyyətli tədbir ötən həftə Bakıda "İnsan hüquqları və qabaqcıl idarəetmə kontekstində dövlət xidmətlərinin göstərilməsi" mövzusunda keçirilmiş beynəlxalq konfrans oldu: "Müzakirələr zamanı ortaya çıxan vacib məqamlardan biri də Azərbaycan tərəfinin qabaqcıl təcrübələrin mübadilə edilməsi məqsədilə dövlət xidmətlərinin göstərilməsini həyata keçirən agentliklərin beynəlxalq birliyinin təsis edilməsi təklifi oldu. Biz bu təklifə müvafiq qaydada baxılacağına ümid edirik".

Nazir bildirib ki, qarşılıqlı hörmət və anlaşmaya əsaslanan müxtəlif mədəniyyətlərə sahib olan cəmiyyətlərin bir araya gətirilməsinin də daxil olduğu sədrlik prioritetləri çərçivəsində, Avropa mədəniyyət nazirlərinin 2013-cü ildə Moskvada keçirilən 10-cu konfransının davamı olaraq 2014-cü ilin iyul ayının əvvəllərində Bakıda "Rəqəmsal mədəniyyət və insanların rolunun gücləndirilməsi üçün əlverişli mühitin yaradılması" adlı Avropa Şurasının ilk Mədəniyyət və Rəqəmsallaşdırma üzrə Platforma Mübadiləsi təşkil edilib. Müzakirələr zamanı rəqəmsallaşmanın mədəniyyətə təsiri, rəqəmsal əsrə keçid, mədəniyyət sahəsi və onun fəallarının ehtiyacları, mədəniyyət sahəsinə dair materialların əldə edilməsi, hazırlanması və yayılması, vətəndaşların rolunun gücləndirilməsi və rəqəmsal mədəniyyət üçün mühitin yaradılması kimi məsələlərə xüsusi diqqət ayrılıb: "Qeyd etmək lazımdır ki, Platforma görüşü gələcəkdə bu sahədə əməkdaşlığın gücləndirilməsində ümumi standartların və mexanizmlərin layihəsinin hazırlanması üçün uyğun forum kimi Avropa Şurasının potensial yeri və rolunu vurğulayıb. Bu kontekstdə tezliklə müvafiq təlimatlar işlənib hazırlanacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti