...

GUAM Ukraynadakı seçkilərlə bağlı mövqeyini açıqladı

Siyasət Materials 27 Oktyabr 2014 16:00 (UTC +04:00)
Ukraynada növbədənkənar parlament seçkiləri müsbət - azad və ədalətli kimi qiymətləndirilə bilər.
GUAM Ukraynadakı seçkilərlə bağlı mövqeyini açıqladı

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir Səba Ağayeva/

Ukraynada növbədənkənar parlament seçkiləri müsbət - azad və ədalətli kimi qiymətləndirilə bilər. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM müşahidəçilər qrupunun bəyanatında deyilir.

GUAM müşahidəçilər qrupu oktyabrın 26-da Ukrayna Ali Radasına keçirilmiş növbədənkənar parlament seçkilərinə dəvət olunmuşdular. Qrupun tərkibinə Moldova və Gürcüstan deputatları və müşahidəçilərin işini əlaqələndirən GUAM-ın baş katibi Valeri Çeçelaşvili daxil olublar.

Bəyanatda deyilir: "GUAM müşahidəçiləri Kiyevin 211-ci, 212-ci, 216-cı və 223-cü seçki dairələrinin 37 seçki məntəqəsində və Vasilkov şəhərinin 94-cü seçki dairəsinin 5 seçki məntəqəsində aparılmış müşahidələrin nəticəsinə əsaslanaraq təsdiq edirlər ki, Ukrayna Ali Radasına seçkilər ATƏT və Avopa Şurasının öhdəlikləri və standartları, eləcə də Ukraynanın milli qanunvericiliyi, ölkənin Mərkəzi Seçki Komissiyasının hazırladığı qayda və prosedurlar daxil olmaqla, beynəlxalq öhdəliklərə və demokratik seçkilərin standartlarına uyğun təşkil edilərək keçirilib".

GUAM müşahidəçiləri qeyd edirlər ki, mübahisəli məqamlara baxmayaraq, seçkilər dinc və mütəşəkkil olub: "Ümumilikdə seçki prosesinə, seçki məntəqələrində seçkinin təşkili və komissiyaların fəaliyyətinə, GUAM müşahidəçilər qrupunda olan ayrı-ayrı seçki məntəqələri üzrə şikayətlərə gəlincə, bu, prinsipial xarakter daşımır və səsvermənin nəticələrinə əhəmiyyətli təsir edə bilməz. GUAM müşahidəçilər qrupu monitorinqin nəticələrindən məmnundur".

Qeyd edək ki, Ukrayna Mərkəzi Seçki Komissiyasının (MSK) saat 10:00-a olan məlumatına görə, Ali Radaya növbədənkənar seçkilərdə bülletenlərin 28,95 faizinin hesablanmasından sonra Baş nazir Arseniy Yasenyukun lideri olduğu Xalq Cəbhəsi Partiyası səslərin 21,67 faizini toplayıb. "Petro Poroşenkonun bloku" 21,60 faiz, Lvov meri Andrey Sadovının rəhbərlik etdiyi Qarşılıqlı Yardım Partiyası 10,75 faiz, Yuri Boykonun "Müxalif blok"u 9,62 faiz, Oleq Lyaşkonun Radikal Partiyası 7,53 faiz, Yuliya Timoşenkonun Batkivşina Partiyası isə 5,82 faiz səs toplayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti