...

İndi biz nə edək?

Siyasət Materials 29 Dekabr 2014 21:00 (UTC +04:00)
Təsəvvür edin, terrorçular, cinayətkarlar gəlib ölkəndə səni tutur, üzərində “məhkəmə” qurur və sonda səni öz torpağında gəzdiyinə görə ömürlük azadlıqdan məhrum edir və ədalətdən danışan dünya da bu prosesə tamamilə göz yumur.
İndi biz nə edək?

Azərbaycan xəbərlər xidməti

Elçin Mehdiyev - Trend:

Təsəvvür edin, terrorçular, cinayətkarlar gəlib ölkəndə səni tutur, üzərində "məhkəmə" qurur və sonda səni öz torpağında gəzdiyinə görə ömürlük azadlıqdan məhrum edir və ədalətdən danışan dünya da bu prosesə tamamilə göz yumur. Bəli, nə qədər ağlagəlməz və acı olsa da, bu bizim başımıza gələn faciə, həqiqətdir.

Öz doğma ata-baba yurdlarına getdiklərinə görə ermənilərin qurduğu qanunsuz "məhkəmə qərarı" əsasında bu gün həmyerlilərimiz Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edildi.

Həmyerlilərimiz üzərində bu qondarma "məhkəmə" prosesi oktyabrın 27-də başlamışdı. Ancaq həm ATƏT-in Minsk qrupu, həm də ədalətdən, demokratiyadan dəm vuran beynəlxalq təşkilatlar bununla bağlı susmağa üstünlük verdilər, hətta Minsk qrupunun həmsədrləri məsələ ilə bağlı münasibət bildirməkdən imtina etdilər.

Ermənistan helikopteri Azərbaycan ərazisinə qanunsuz soxulduğuna görə vurulanda isə bütün dünya üstümüzə gəldi, sanki Azərbaycan hansısa böyük cinayət törətmişdi. Ancaq heç kim demədi ki, erməni helikopterlərinin Azərbaycan ərazisində nə işi var?

Bu, artıq ikili standartları aşan məsələdir. Hesab edirəm ki, bu "məhkəmə"dən sonra həm ATƏT Minsk qrupu, həm də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsini "dəstəkləyən" beynəlxalq təşkilatlar və dövlətlər artıq Azərbaycan dövləti və xalqı qarşısında etibarlarını, inamlarını itirdilər.

İndi biz nə edək, necə həll yolu tapaq? Sabah Azərbaycan silaha əl atsa, bütün dünya çığır-bağır salacaq ki, Azərbaycan münaqişəni qızışdırır və sair və ilaxır. Sakit duranda da bax beləcə öz bildiklərini edirlər.

Bu "məhkəmə hökmü" bir daha göstərdi ki, beynəlxalq qurumlar və dünya dövlətləri heç vaxt öz münasibətlərində səmimi olmayıblar və olmayacaqlar da, onların danışdığı hər kəlmənin arxasında bir yalan dayanır. Onlar üçün yalnız öz maraqları önəmlidir. O yerdəki onların maraqları var, istənilən ədalətsizliyə, istənilən cinayətkarlığa göz yumurlar və hətta lazım gələndə ona bəraət qazandırmağa çalışırlar. Təəssüflər oldun ki, biz də bu ədalətsizliklə üz-üzə qalmışıq. Amma bu, çox uzun davam edə bilməyəcək. Nə Azərbaycan dövlətinin, nə də Azərbaycan xalqının səbri tükənməzdir. Həm Ermənistan, həm də beynəlxalq ictimaiyyət anlamalıdır ki, bir gün bunun acı bədəlini ödəyəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti