...

Siyavuş Novruzov: Avropa Parlamenti antiazərbaycan fəaliyyəti ilə məşğul olur

Siyasət Materials 5 Fevral 2015 17:01 (UTC +04:00)
Avropa Parlamentində ayrı-ayrı qruplar var ki, bu gün antiazərbaycan fəaliyyəti ilə məşğul olur.
Siyavuş Novruzov: Avropa Parlamenti antiazərbaycan fəaliyyəti ilə məşğul olur

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir Elçin Mehdiyev/

"Avropa Parlamentində ayrı-ayrı qruplar var ki, bu gün antiazərbaycan fəaliyyəti ilə məşğul olur. Bunun da səbəbi odur ki, Azərbaycanın iqtisadi inkişafı, Azərbaycanda gedən islahatlar, Azərbaycanın beynəlxalq layihələrin həyata keçirilməsində özünün mövqeyi, rolu, Azərbaycanda keçiriləcək böyük beynəlxalq tədbirlər və ictimai-siyasi sabitlik bir çox ölkələri narahat edir". Bunu Trend-ə açıqlamasında Avropa Parlamentində Azərbaycana qarşı arayışın hazırlanması məsələsini şərh edərkən Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, həmçinin Azərbaycanın gətirdiyi gəlirlər və bu gəlirlərin düzgün olaraq infrastruktura sərf olunması, insan kapitalına çevrilməsi təbii ki, bəzi ölkələri narahat edir və onların da parlamentariləri bəzi qüvvələrə, xüsusilə, erməni lobbisinə, ayrı-ayrı dairələrə xidmət edərək istənilən anda Azərbaycana qarşı müxtəlif sanksiyaların tətbiq olunması üçün cəhdlər göstərirlər, bəyanatlar verirlər: "Bu da bizim üçün aydın olan məsələdir ki, o qruplara daxil olan insanlar artıq çoxdandır ki, həm Azərbaycanın ərazi bütövlüyü ilə bağlı, həm də Azərbaycanda insan hüquqları və digər məsələlərlə bağlı qərəzli, Azərbaycandakı real vəziyyəti əks etdirməyən mövqe nümayiş etdirirlər. Fikir verirsinizə, son dövrdə Avropa Parlamentində mütəmadi olaraq ancaq Azərbaycan məsələsi müzakirə olunur. Götürək Ermənistanda və Gürcüstanda insan hüquqları ilə bağlı vəziyyəti. Orada dövlət və hökumət rəhbərləri həbs olunub və yaxud onlara qarşı cinayət işi qaldırılıb. Lakin bu, bir dəfə də olsun Avropa Parlamentində müzakirə obyekti olmayıb. Ermənistanda insan hüquqları kobud şəkildə pozulur, hərbi xunta hökm sürür, amma bu, Avropa Parlamentini maraqlandırmır".

Deputatın sözlərinə görə, bu da sırf ona görədir ki, müəyyən dövlətlər Azərbaycana təzyiq göstərməklə onun təbii sərvətlərindən güzəştli şəkildə istifadə etməyə cəhd göstərir və hesab edirlər ki, bu yolla Azərbaycana təsir edə bilərlər: "Ancaq onlar yanılırlar. Azərbaycanın tutduğu yol var və Azərbaycan da bu yoldan geri çəkilməyəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti