...

Argentina Milli Konqresində Azərbaycanla bağlı tədbir keçirilib (FOTO)

Siyasət Materials 20 Mart 2015 13:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 mart /Trend/

Argentina Milli Konqresində "Mən Azərbaycan haqqında nə bilirəm" adlı kitabın ikinci buraxılışının təqdimatı və Novruz bayramı ilə bağlı tədbir keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Argentina Milli Konqresinin Deputatlar Palatasında Azərbaycanla parlamentlərarası dostluq qrupunun, La Plata Dövlət Universitetinin Azərbaycanşünaslıq kafedrasının və Azərbaycanın Argentinadakı səfirliyinin birgə təşkilatçılığı ilə təşkil olunmuş tədbirdə Argentina qanunvercilik orqanının, hökumətinin, elmi-akademik çevrələrin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

La Plata Dövlət Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun Azərbaycanşünaslıq kafedrası tərəfindən dərc edilmiş "Mən Azərbaycan haqqında nə bilirəm" kitabının ikinci buraxılışı 2014-cü ildə Azərbaycan Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi və Argentinanın La Plata Dövlət Universitetinin Azərbaycanşünaslıq kafedrasının Argentinada birgə təşkil etdiyi "Mən Azərbaycan haqqında nə bilirəm" yazı-inşa müsabiqəsinin qalibləri olan 15 argentinalı gəncin Azərbaycanla bağlı müxtəlif mövzularda (Azərbaycanın tarixi, mədəniyyəti, arxitekturası, inkişaf strategiyası, xarici siyasət prioritetləri, Ermənistan-Azərbaycan münaqişəsi, ölkəmizdə multikulturalizmə verilən önəm) yazılarının, habelə qaliblərin ötən ilin iyul ayında Azərbaycana səfəri ilə bağlı təəssüratlarının toplusudur. Eyniadlı kitabın birinci buraxılışı Argentinada 2013-cü ildə dərc edilib.

Tədbiri giriş sözü ilə açan Argentina Milli Konqresinin Deputatlar Palatasında Azərbaycanla dostluq qrupunun sədri Xulia Perie Azərbaycanın Argentinanın yaxın dostu və tərəfdaşı olduğunu söyləyib, Azərbaycanla bağlı Argentinada ikinci dəfə belə bir müsabiqənin təşkilinin, habelə Azərbaycanın tarixi, mədəniyyəti, bugünki inkişafı ilə bağlı mövzulara argentinalı gənclərin maraq göstərməsinin iki ölkənin xalqları arasında təmasların inkişaf etdirilməsi nöqteyi-nəzərdən əhəmiyyətli olduğunu bildirib. Novruz bayramı münasibətilə Azərbaycan xalqını da təbrik edən argentinalı parlamentari xalqımıza ən xoş arzularını çatdırıb.

Tədbirdə çıxış edən səfir Məmməd Əhmədzadə Argentina Milli Konqresinə, o cümlədən Deputatlar Palatasında Azərbaycanla parlamentlərarası dostluq qrupuna, habelə La Plata Dövlət Universitetininin Azərbaycanşünaslıq kafedrasına belə bir tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib və tədbirin Azərbaycan həqiqətlərinin Argentina ictiamiyyətinə çatdırılmasındakı əhəmiyyətindən danışıb. Son illərdə iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin sürətlə inkişaf etdiyini, bu xüsusda ötən həftə Azərbaycan parlament nümayəndə heyətinin Argentinada yüksək səviyyədə qəbul edildiyini bildirən M.Əhmədzadə Azərbaycan-Argentina əməkdaşlığının perspektivlərinə də toxunub.

Sonra çıxış edən La Plata Dövlət Universitetində Azərbaycanşünaslıq kafedrasının əlaqələndiricisi prosfessor Paulo Botta kafedranın fəaliyyəti, bu xüsusda ikinci dəfə Argentinada "Mən Azərbaycan haqqında nə bilirəm" yazı-inşa müsabiqəsinin təşkili və onun nəticələri barədə məlumat verib, müsabiqənin Azərbaycan və Argentina gəncləri, habelə elmi-akademik çevrələri arasında əlaqələrin inkişafı üçün əhəmiyyətindən danışıb. Xəzər hövzəsinin lider ölkəsi kimi Azərbaycanın Argentina üçün önəmi barədə danışan P.Botta Azərbaycançünaslıq kafedrasının fəaliyyətinin Azərbaycanla və Xəzər hövzəsi bölgəsi ilə bağlı Argentinada mütəxəssislərin və tədqiqatçıların hazırlanmasına yönəldiyini deyib.

Daha sonra müsabiqə qalibləri adından çıxış edən gənc argentinalı tədqiqatçılar Vanina Fattori və Lukas Oro müsabiqədə iştirak etmələrindən məmnunluqlarını bildirib, müsabiqə qaliblərinin Azərbaycana səfəri ilə bağlı təəssüratlarını bölüşüb, Azərbaycanın yüksək iqtisadi inkişafı və multikulturalizmə verdiyi önəm barədə danışıb.

Tədbirdə Azərbaycanla bağlı və müsabiqə qaliblərinin ölkəmizə səfərinə dair videoçarxlar nümayiş etdirilib.

Tədbir Novruz bayramı münasibətilə Azərbaycan milli mətbəxinin təqdimatı ilə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti