Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir İlkin İzzət/
Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov antiazərbaycan kampaniyasının ABŞ dövlət katibi Con Kerrinin ofisindən idarə olunması ilə bağlı məsələyə münasibət bildirib.
Trend-in məlumatına görə, N.Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanın əleyhinə kampaniya hər gün müşahidə olunur: "Con Kerrinin planı haqqında dəqiq məlumatım yoxdur, amma məndə olan məlumata görə, Azərbaycandakı təşkilatlar bunu aşkar edib. Amma biz bunları çox yaxşı bilirik, hər gün də bunu müşahidə edirik. Günlərlə danışmaq olar ki, Azərbaycana qarşı münasibət qərəzli münasibətdir, Azərbaycana qarşı atılan addımlar qərəzli addımlardır".
Bu qərəzli mövqenin səbəblərindən danışan N.Məmmədov bildirib ki, geosiyasi, siyasi və iqtisadi maraqları hər bir güclü dövlət hər şeydən üstün tutur: "Sözdə bir şey deyirlər, reallıqda isə başqa şey edirlər".
PA rəsmisi əlavə edib ki, Azərbaycanın güclü lideri var, xalqla lider arasında birlik var və ölkə ona qarşı yönələn bütün bu proseslərdən uğurla keçir.