...

"Heydər Əliyev və Azərbaycanın gənclər siyasəti sahəsində qanunvericiliyi" mövzusunda tədbir keçirilib

Siyasət Materials 5 May 2015 15:34 (UTC +04:00)
Bu gün Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib. Trend-in məlumatına görə, iclas Azərbaycan Republikası Gənclər Təşkilatları Milli Şurasının təşəbbüsü ilə “Heydər Əliyev və Azərbaycanın gənclər siyasəti sahəsində qanunvericiliyi” mövzusuna həsr olunub.
"Heydər Əliyev və Azərbaycanın gənclər siyasəti sahəsində qanunvericiliyi" mövzusunda tədbir keçirilib

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib. Trend-in məlumatına görə, iclas Azərbaycan Republikası Gənclər Təşkilatları Milli Şurasının təşəbbüsü ilə "Heydər Əliyev və Azərbaycanın gənclər siyasəti sahəsində qanunvericiliyi" mövzusuna həsr olunub.

Tədbiri giriş sözü ilə açan Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib ki, bu günlərdə Azərbaycanda ulu öndər Heydər Əliyevin doğum günü böyük iftixar hissi ilə qeyd olunur: "Milli Məclis olaraq biz ulu öndər Heydər Əliyevin xidmətlərini bu dövlətin yaşaması, müstəqilliyinin əbədi olması üçün yaratdığı uğurlu bazada, təqdim etdiyi qanun layihələrində, imzaladığı Azərbaycan Respublikasının Konstitusiyasında görürük. Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin prioritet sahələrindən biridir. Çünki gənclər bizim gələcəyimizdir. Azərbaycanın gələcəyi gənclərin necə olmasından asılıdır".

H.Rəcəbli bildirib ki, bu gün Azərbaycanda I Avropa Oyunlarının keçirilməsi ölkədə aparılan gənclər siyasətinin kulminasiyasıdır: "İdman, Olimpiya Oyunları gənclərlə bağlı olan hadisədir. Bu gün on mindən çox könüllü gənc I Avropa Oyunlarının keçirilməsində fəal iştirak edir. Bu gün gənclərin hər hansı belə tədbirdə iştirakı onların dövlətə, prezidentimizə, azərbaycançılığa bağlılığının bir nümunəsidir".

Komitə sədri qeyd edib ki, I Avropa Oyunlarının Bakıda keçirilməsi bir sıra məsələləri özündə ehtiva edir: "Birincisi, bu, dünyanın, Avropanın Azərbaycana inamı, Prezident İlham Əliyev şəxsiyyətinin, liderliyinin təsdiqidir. Eyni zamanda, ölkəmizdəki əmin-amanlığın, Azərbaycanın belə tədbirləri keçirmək bacarığının sübutudur".

Daha sonra çıxış edən Milli Məclis sədrinin müavini Bahar Muradova deyib ki, gənclərlə keçirilən belə müzakirələr hər zaman faydalıdır: "Azərbaycanda baş verən dəyişikliklər yalnız Azərbaycan üçün deyil, bütövlükdə region üçün əhəmiyyətlidir. Azərbaycan özünün bütün inkişaf istiqamətləri ilə, əldə etdiyi nailiyyətlərlə təkcə öz xalqı üçün müsbət şərait yaratmır, eyni zamanda, yerləşdiyi region üçün əhəmiyyətli bir dövlətə çevrilir. Biz əldə etdiyimiz uğurlarla qürurlanmaqla yanaşı, bunu daha da artırmaq üçün səylərimizi gücləndirməliyik".

B.Muradova qeyd edib ki, ulu öndər Heydər Əliyev Azərbaycan Milli Məclisinin sədri kimi fəaliyyətə başladığı ilk andan müasir Azərbaycanın dövlət quruculuğu işlərinə başladı: "Qısa müddət sonra ulu öndər Heydər Əliyev prezident səlahiyyətlərini də öz üzərinə götürərək Azərbaycanın o zamankı durumdan çıxarmaq üçün cox ciddi addımlar atdı. Hər şeydən əvvəl qanunlar, qanun yaradıcılığı prosesi çox vacib idi. Bu istiqamətdə aparılan işlərin əsas prioritet sahələrindən biri də gənclər, onların cəmiyyətdə yerinin düzgün müəyyənləşdirilməsi, onların potensialının artırılması və bu potensialın ümumi dövlət quruculuğunun inkişafı işinə yönəldilməsi idi".

B.Muradova əlavə edib ki, gənclik güclü qüvvədir və ondan düzgün istifadə etməyəndə dağıdıcı bir gücə çevrilir: "Ona görə də vaxtında ulu öndər Heydər Əliyevin apardığı siyasət bu enerjini həm gəncliyin özü, həm Azərbaycan dövləti, həm də ümumilikdə region dövlətləri üçün yaradıcı gücə çevirdi. Hesab edirəm ki, bu gün Azərbaycan Parlamenti tərəfindən qəbul edilən qanunlar, onlara edilən dəyişikliklər, inkişafımızın bizə diqtə etdiyi yeniliklər, bu yeniliklərin qanunlarda öz əksini tapması istiqamətində səylər o həddə çatıb ki, bizim gənclər siyasəti barədə çox mükəmməl qanunvericiliyimiz var".

Vitse-spiker həmçinin deyib ki, bu gün Azərbaycana qarşı qarayaxma kampaniyası aparılır: "Ölkəmizin inkişafını gözü götürməyən, erməni mənbələrindən maliyyələşən və erməni maraqlarına xidmət edən dairələr müxtəlif təşkilatlarda, tədbirlərdə birləşə və bizə qarşı cəbhə yaratmağa çalışa bilərlər. Amma ölkə başçısı İlham Əliyevin də vurğuladığı, kimi Azərbaycanın Ermənistandan başqa heç bir dövlətlə ikitərəfli münasibətlərində problemi yoxdur. Ona görə də Azərbaycana qarşı qaralama kampaniyası təsirsizdir. Çünki Azərbaycan çox güclü müqavimət qabiliyyəti var. Bu gücün içərisində Azərbaycan gəncliyinin gücü xüsusi yer tutur. Biz bu gücü çox yüksək qiymətləndiririk".

Daha sonra çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib ki, ulu öndər Heydər Əliyev gənclər sahəsində illər sonraya hesablanmış siyasətin təməlini qoyub: "Bu gün də Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu strategiyanın davamının şahidiyik. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda formalaşan gənclər siyasətinin hüquqi-normativ bazası bu gün beynəlxalq standartlara cavab verir və bu baza Azərbaycan gənclərinin maraqlarını əks etdirir. Bu gün ölkə gəncliyinin inkişaf səviyyəsi yüksək həddə çatıb. Gənclər artıq Azərbaycanın hüdudlarından xeyli kənarda da ölkəmizi bütün sahələrdə - ictimai, elm, mədəni və s. - yüksəksəviyyəli kürsülərdə təmsil edirlər. Bu, məhz həmin strategiyanın nəticəsidir. Bu strategiya Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə davam edir".

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə, daha sonra Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abasova, millət vəkilləri Rauf Əliyev, Sevinc Hüseynova Azərbaycanda aparılan gənclər siyasətindən danışıblar.

Tədbirin davamında iclasda iştirak edən gənclər öz fikirlərini bildirib, təkliflərini səsləndiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti