...

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin Riqa toplantısı başa çatıb (FOTO)

Siyasət Materials 20 May 2015 20:21 (UTC +04:00)
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Riqada keçirilən liderlərin növbəti toplantısı bu gün öz işini yekunlaşdırıb.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin Riqa toplantısı başa çatıb (FOTO)

Azərbaycan, Bakı, 20 may /Trend/

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Riqada keçirilən liderlərin növbəti toplantısı bu gün öz işini yekunlaşdırıb.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin aparıcı üzvləri mayın 21-22-də Riqada keçiriləcək Şərq Tərəfdaşlığı sammiti ərəfəsində Avropa Birliyinin "Şərq Tərəfdaşlığı" Proqramını və bu ilin aprelində keçirilmiş III Qlobal Bakı Forumunun nəticələrini müzakirə edib.

İki gün davam edən toplantıda Avropa Qonşuluq Siyasətinin ümumi strateji məqsədləri və nəticələri, Avropanın bugünkü mövqeyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bu istiqamətdə verə biləcəyi töhfələr barədə ətraflı fikir mübadiləsi aparılıb.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Frayberqanın rəhbərliyi ilə keçən toplantının sonunda yekun qətnamə qəbul olunub. Avropa Qonşuluq Siyasətinə dair müəyyən tövsiyələrin öz əksini tapdığı sənəddə bildirilir ki, Avropa İttifaqı bütün qonşuları ilə əlaqələrini genişləndirmyə, onlara arzu etdikləri halda demokratik və iqtisadi dəyişikliklər sahəsində yardım etməyə davam etməlidir. Siyasi liderlər hesab edir ki, Avropa İttifaqının Qonşuluq Siyasəti münaqişələri həll etmək iqtidarında olan mexanizm kimi yaradılmasa da, konfliktlərin qarşısının alınması və həll olunmasında qurumun fəal iştirakına ehtiyac var.

Sabiq dövlət və hökumət başçılarının qəbul etdiyi qətnamədə daha sonra deyilir ki, yeni Avropa İttifaqının Qonşuluq Siyasəti strategiyası İttifaqın qonşuları ilə münasibətlərinə uyğunlaşmalıdır, başqa sözlə, Aİ onunla daha dərin əlaqələr yaratmaq arzusunda olan ölkələrlə işləməli və zəruri iqtisadi, eləcə də demokratik islahatlar həyata keçirməyə hazır olmalıdır. Nüfuzlu siyasi liderlərin tövsiyələrində o da vurğulanır ki, Avropa İttifaqı paralel olaraq, enerji təhlükəsizliyi, müstəqillik, o cümlədən ekstremizm və terorizmə qarşı mübarizə kimi xüsusi maraq kəsb edən sahələrdə əməkdaşlığı təşviq etməlidir.

Qətnamə müəlliflərinin fikrincə, Aİ öz maraqlarını həyata keçirərkən dəyər və prinsiplərinə sadiq qalmalıdır. "Qurum eyni zamanda Ukrayna, Gürcüstan, Moldova və digər Şərq Tərəfdaşlığı ölkələrinə üzvlük təklifini nəzərdən keçirməlidir. Aİ Şərq Tərəfdaşlığı ölkələrinin hər birinin ərazi bütövlüyünü dəstəkləyir və bununla əlaqədar regiondakı çoxsaylı dondurulmuş münaqişələrin həllini dəstəkləyən yol xəritəsi planı hazırlanmalı, Aİ bu məsələyə beynəlxalq aktor olaraq cəlb olunmalıdır" - sabiq dövlət və hökumət başçılarının qəbul etdiyi qətnamədə belə deyilir.

Qətnamə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Frayberqa, həmçinin Mərkəzin üzvləri, eks-prezidentlər - Valdis Zatlers (Latviya), Boris Tadiç (Serbiya), Emil Konstantinesku (Rumıniya), Danilo Turk (Sloveniya), Petar Stoyanov (Bolqarıstan), Recep Meydani (Albaniya), Viktor Yuşşenko (Ukrayna), eləcə də Slovakiyanın sabiq hökumət başçısı İveta Radikova, Bosniya və Hersoqovinanın keçmiş Baş naziri Zlatko Laqumciya tərəfindən imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti