Azərbaycan, Bakı, 6 avqust /Trend/
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən cəbhəboyu rayonlarda olan müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə Nazirliyinin rəhbər heyəti cəbhə bölgəsində yerləşən hərbi hissələrdə tikilən obyektlərdə olub.
Trend Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkə Prezidentinin göstərişinə əsasən cəbhə bölgəsində yeni tikilən hərbi şəhərciklərdə aparılan inşaat işlərinin gedişatını yoxlayan müdafiə naziri hərbi obyektlərin plana uyğun, keyfiyyətli tikilməsi, müəyyən olunmuş müddətdə başa çatdırılması, həmçinin quruculuq işlərinin aparılması ilə əlaqədar müvafiq tapşırıq və tövsiyələrini verib.
General-polkovnik Z.Həsənov zirehli texnika, artilleriya qurğu və sistemləri üçün saxlanclar, hərbi tibb müəssisələri, əsgər yataqxanaları, xidməti və inzibati otaqlar, səhra və stasionar hamam-camaşırxana kompleksləri, eləcə də digər obyektlərdə olaraq hərbi qulluqçuların sosial məişət şəraiti ilə maraqlanıb.
Müdafiə Nazirliyi rəhbərliyinin cəbhə bölgəsinə səfəri davam edir.