...

Elmar Məmmədyarov: Nüvə təhlükəsizliyinin universallığının təmin edilməsi üçün çox iş görülməlidir

Siyasət Materials 30 Sentyabr 2015 12:11 (UTC +04:00)
Beynəlxalq ictimaiyyət tərəfindən müqavilənin erkən zamanda qüvvəyə minməsi üzrə niyyətin dəfələrlə müxtəlif tədbirlərdə aydın şəkildə ifadə olunmasına baxmayaraq, NSHQM-nın və dünyada nüvə təhlükəsizliyinin universallığının təmin edilməsi istiqamətində daha çox işlər görülməlidir.
Elmar Məmmədyarov: Nüvə təhlükəsizliyinin universallığının təmin edilməsi üçün çox iş görülməlidir

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir İlkin İzzət/

Biz Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması üzrə müqavilənin (NSHQM) 183 ölkə tərəfindən imzalanması və 164 ölkə tərəfindən ratifikasiya edilməsi ilə müqavilədən irəli gələn öhdəliklərə qoşulmanın universallığa yaxınlaşması faktını alqışlayırıq. Eyni zamanda, beynəlxalq ictimaiyyət tərəfindən müqavilənin erkən zamanda qüvvəyə minməsi üzrə niyyətin dəfələrlə müxtəlif tədbirlərdə aydın şəkildə ifadə olunmasına baxmayaraq, NSHQM-nın və dünyada nüvə təhlükəsizliyinin universallığının təmin edilməsi istiqamətində daha çox işlər görülməlidir.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilənin qüvvəyə minməsinin asanlaşdırılmasına dair IX konfransda çıxışı zamanı deyib.

E.Məmmədyarov qeyd edib ki, Azərbaycan müqavilənin bəndlərinin tətbiq edilməsi, xüsusilə Vyanada Beynəlxalq Monitorinq Sistemi, Yerində Təftiş elementləri və Beynəlxalq Məlumat Mərkəzinin yaradılması üzrə Hazırlıq Komissiyasının və Müvəqqəti Texniki katibliyin bu günə qədər göstərdiyi səyləri təqdir edir: "Əsas funksiyasına əlavə olaraq, müqavilənin icrasının yoxlanılma sisteminin dalğaötürücü və radioaktiv izotop texnologiyaları və məlumat sisteminin istifadəsinin elmi və mülki tətbiq edilməsi, eləcə də fəlakət zamanı həyəcan siqnalı daxil olmaqla, elmi və mülki faydası vardır. NSHQM-nin icrasının yoxlanılması rejimi müqaviləyə qoşulan dövlətləri zəlzələ, sunami və nüvə qəzaları və digər elmi-mülki zərurətlər üçün real vaxt rejimində dəqiq məlumatla təmin etməklə öz faydalılığını nümayiş etdirib. Beynəlxalq Məlumat Mərkəzində toplanılmış məlumatların mülki və elmi məqsədlər üçün istifadə olunduğunu nəzərə alsaq, beynəlxalq ictimaiyyətin bu imkanlardan geniş şəkildə faydalanması üçün yolların axtarılması önəmlidir. Biz Müvəqqəti Texniki Katiblik tərəfindən müqaviləyə tərəf ölkələr üçün müvafiq təlim kurslarının və seminarların təşkilini, müqavilənin bəndlərinin effektiv şəkildə icrasını təmin etmək üçün bu ölkələrə öz imkanlarının təkmilləşdirilməsi istiqamətində göstərilən yardımı yüksək qiymətləndiririk".

XİN rəhbəri sonra qeyd edib ki, qeyd olunanlarının fonunda, Azərbaycan üç il bundan öncə İmkanların Yaradılması Proqramı çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutu nəzdində yaradılmış Milli Məlumat Mərkəzinin müvafiq əsas avadanlıq və texnologiyalarla təmin edilməsi üzrə texniki yardımı təqdir edir: "Bu yardım Azərbaycanda Milli Məlumat Mərkəzinin imkanlarına əhəmiyyətli dərəcədə öz töhfəsini verib. Mərkəzin işlərini və fəaliyyətini canlandırmaq, həmçinin potensialının inkişafının təmin edilməsi üçün daha çox səy göstərilməsi lazımdır. Azərbaycan bundan sonra da müasir texnologiyaların əldə edilməsi, texnologiyalara nəzarət üzrə mütəxəssislər üçün təlim proqramları imkanlarının genişləndirilməsi və NSHQT-nın fəaliyyətinin digər istiqamətləri üzrə milli potensialının gücləndirilməsində maraqlıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti