Azərbaycan, Bakı, 27 oktyabr /Trend/
Bu gün Azərbaycanın Baş naziri Artur Rasizadə Monteneqronun Baş naziri Milo Cukanoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Trend-in məlumatına görə, görüşdə Azərbaycan və Monteneqro hökumətləri arasında iki saziş imzalanıb.
Baş nazir A.Rasizadə Azərbaycanla Monteneqro arasında münasibətlərin, xüsusilə siyasi sahədə əlaqələrin uğurla inkişaf etdiyini, iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində də tədbirlərin görüldüyünü bildirib. Qeyd edilib ki, yüksək səviyyəli qarşılıqlı səfərlər, keçirilən görüşlər əlaqələrimizin daha da inkişafına təkan verir. Nümayəndə heyətinin diqqətində çatdırılıb ki, dünyada gedən iqtisadi böhrana baxmayaraq Azərbaycan iqtisadiyyatı inkişaf edir. Son vaxtlar ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Azərbaycanın Baş naziri bildirib ki, ölkələrimiz arasında əlaqələrin inkişafı üçün kifayət qədər möhkəm hüquqi baza var. Bu gün imzalanacaq iki sənəd də əməkdaşlığın inkişafında mühüm rol oynayacaq. Baş nazir əmin olduğunu bildirib ki, Azərbaycan ilə Monteneqro arasında iqtisadi əməkdaşlığın səviyyəsi yaxın zamanlarda siyasi əlaqələrin inkişaf səviyyəsinə çatacaq.
Görüşdə Monteneqro nümayəndə heyətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da ətraflı məlumat verilib. Qeyd edilib ki, təcavüzkar siyasətini davam etdirən Ermənistanın tutduğu qeyri-konstruktiv mövqeyə görə münaqişə indiyədək həll edilmir. Problem beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllini tapmalıdır.
Baş nazir M.Cukanoviç Azərbaycan və Monteneqro arasında dostluq münasibətlərinin inkişafından məmnunluğunu bildirib. O, Monteneqronun Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verdiyini deyib, Azərbaycanın son illərdə siyasi, iqtisadi sahələrdə mühüm uğurlar əldə etdiyini bildirib. M.Cukanoviç vurğulayıb ki, Monteneqro Azərbaycanın dünyada və regionda sülh, təhlükəsizlik üçün göstərdiyi səyləri yüksək qiymətləndirir.
M.Cukanoviç Azərbaycanın Monteneqroda irimiqyaslı layihələr həyata keçirməsinin, bu ölkəyə sərmayələr qoymasının əməkdaşlığın daha da inkişafına təkan verəcəyini bildirib. O, Azərbaycanın enerji sahəsində həyata keçirdiyi layihələrin önəmindən, bu sahədə əməkdaşlığımızın perspektivlərindən də söhbət açıb.
Sonra sənədlər imzalanıb.
"Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş"i Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Monteneqronun iqtisadiyyat naziri Vladimir Kavariç imzalayıblar.
"Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında ətraf mühitin mühafizəsinə dair Saziş"i isə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və Monteneqronun davamlı inkişaf və turizm naziri Branimir Qvozdenoviç imzalayıblar.